CƏMİYYƏT


Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətlərinin müzakirəsi olub.

Ombudsman BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin qarşılıqlı anlaşma şəraitində davam etdirildiyini bildirib.

Qeyd edilib ki, gələn il Azərbaycan BMT-nin Universal Dövri İcmal, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, Uşaq Hüquqları Konvensiyası və “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiya üzrə müvafiq saziş qurumlarına hesabat, həmçinin müvəkkil sözügedən komitələrə paralel hesabatları hazırlayaraq təqdim edəcək.

BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən qəbul edilən Həqiqətə çatım hüququ üzrə insan hüquqları qətnaməsinin müvafiq müddəalarına diqqət çəkən müvəkkil sənəddə cəzasızlığa son qoyulması və insan hüquqlarının müdafiəsi və təbliği işinə töhfə vermək üçün həqiqətə çatım hüququna hörmətin və onun təmin edilməsinin əhəmiyyətinin xüsusi olaraq vurğulandığını qeyd edib.

V.Şkolnikov məlumat mübadiləsi üçün müvəkkilə minnətdarlığını bildirib və qaldırılan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.