QAN YADDAŞI
Ombudsmanın Ahılların Resurs Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü qeyd edilib
Bakı, 18 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Bakıda və regionlarda ay ərzində təşkil etdiyi silsilə tədbirlər davam etdirilir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti belə tədbir Ombudsmanın Ahılların Resurs Mərkəzində keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva, resurs mərkəzində yaşayan tənha, qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan ahıl qadınlar, analar iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müvəkkil çıxış edərək XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında məlumat verib. Azərbaycan həqiqətlərinin, haqq işimizin, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yorulmadan fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində mübarizənin davam etdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən hazırlanan müvafiq tədbirlər planının artıq icra olunmağa başladığını bildirib. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Prezident İlham Əliyev hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törədən şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət alan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq, dünyanın bir sıra ölkələrində bu soyqırımının tanınması ilə bağlı müvafiq qərarlar qəbul edilir.
Deputat Jalə Əliyeva Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasəti barədə danışıb, Xocalı faciəsi zamanı 613 soydaşımızın, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulduğunu, yüzlərlə dinc sakinin ağır yaralandığını, 1275 nəfərin girov götürüldüyünü söyləyib. Eyni zamanda, o qeyd edib ki, artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıyıb, eyni zamanda, ABŞ-ın 21 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunub.
Ombudsman təsisatının Tədbirlər Planına əsasən, müvəkkil tərəfindən ay ərzində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı paytaxtda, həmçinin regionlarda Ombudsman Aparatının və müvəkkilin Gəncə, Şəki, Quba, Cəlilabad regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə silsilə “dəyirmi masa”lar, seminarlar, digər tədbirlər təşkil edilir. Bu tədbirlərə dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, QHT-lərin, icmaların, KİV-lərin, təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər cəlb olunur.
Tədbirdə ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatının mətni oxunub.
Sonda mərhum şairə Nurəngiz Günün Xocalı faciəsinə həsr olunmuş poeması əsasında çəkilən videofilm nümayiş etdirilib.