CƏMİYYƏT


Ombudsmanın Cəlilabad Regional Mərkəzi uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması mövzusu ilə bağlı tədbir keçirib

Bakı, 18 yanvar, AZƏRTAC

Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsi ilə birgə Lənkəran Dövlət Peşə Liseyində “Uşaqlara qarşı yol verilən zorakılıq halları və onunla effektiv mübarizə tədbirləri” mövzusunda tədbir təşkil edilib. Tədbirdə adıçəkilən qurumların nümayəndələri ilə yanaşı, liseyin pedaqoji heyəti və tələbələr iştirak ediblər.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Regional Mərkəzin rəhbəri Ziya İsmayılov çıxış edərək bildirib ki, hər bir uşağın şəxsi toxunulmazlıq və zorakılığın bütün formalarından müdafiə hüququ vardır. Çıxışda iştirakçılara zorakılığın aradan qaldırılması istiqamətində həyata keçirilən islahatlar, bu sahədə mövcud milli və beynəlxalq qanunvericilik barədə geniş məlumat verilib.

Erkən nikah və bununla əlaqəli zərərli adət-ənənələrin təsirləri barədə danışılıb, ailələrin, məktəblərin və icmaların uşaqların hüquqlarının təmini və gələcəyi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Son günlər kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayımlanan uşaqlara qarşı zorakılıq əməllərinə hüquqi qiymət verilməsinin daim ombudsman tərəfindən nəzarətdə saxlanıldığını və müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində uşaqların saxlandığı müəssisələrə mütəmadi başçəkmələrin həyata keçirildiyi bildirilib.

Tədbir iştirakçıları müzakirələrdə çıxış edərək, uşaqların hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti, onların radikal dini təsirlərdən qorunmasının vacibliyi, fiziki və mənəvi baxımdan sağlam formalaşmalarının əhəmiyyətini diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.