CƏMİYYƏT
Ombudsmanın Gəncədə həyata keçirdiyi faktaraşdırıcı monitorinqin nəticələrinə dair hesabat beynəlxalq təşkilatlara göndərilib
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirdiyi növbəti faktaraşdırıcı fəaliyyətinin nəticələrinə dair hesabatı beynəlxalq ictimaiyyətə təqdim edib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, hesabat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı ikinci böyük şəhəri olan Gəncədə yaşayış məntəqələrini ağır artilleriya və raket atəşinə tutması nəticəsində törədilmiş dağıntılar və insan tələfatı ilə bağlı Ombudsmanın yerində araşdırmaları, yaralanmış, habelə zərərçəkmiş şəhər sakinləri ilə görüşləri zamanı toplanmış məlumatlar əsasında hazırlanıb və oktyabrın 4-dən 6-dək olan müddəti əhatə edir.
Hesabat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, İnsan Hüquqları üzrə Ali Komissarına, Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici dövlətlərin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Hesabatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://ombudsman.az/upload/editor/files/Ombudsman_Gence_Hesabat_04-06.10.2020.pdf