CƏMİYYƏT
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 4 iyun, AZƏRTAC
Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti çərçivəsində hüquq mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələrində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir. Qeyd olunmalıdır ki, Ədliyyə Akademiyasında icbari təlim kurslarının proqramına insan hüquqları, habelə ombudsmanın MPM fəaliyyəti ilə bağlı mövzular da daxil edilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” dövrünə təsadüf edən növbəti tədris Ədliyyə Akademiyası tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa yeni qəbul olunmuş şəxslər üçün “Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda onlayn (distant) formada təşkil olunub.
Mühazirə Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən tədris olunub. O, dinləyicilərə ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, müvəkkilin insan hüquqlarının müdafiəsi və MPM qismində fəaliyyəti, beynəlxalq standartlar əsasında rəftar məsələləri və saxlanma şəraitinin araşdırılmasında göstərdiyi yanaşmalar haqqında geniş məlumat verib. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartlar, habelə əlaqəli şəkildə milli qanunvericilik aktları da tədris olunub.
Ölkə ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində fəaliyyəti dinləyicilər tərəfindən maraqla qarşılanıb, onların sualları ətraflı cavablandırılıb.