SİYASƏT


Ombudsmanın ermənilərin azərbaycanlılara qarşı nifrət nitqinə dair hesabatında Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin ermənilərin azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabatında çox tutarlı faktlar yer alıb. Sənəddə Ermənistanın terrorçu mahiyyəti faktlarla göstərilir. Bu hesabat həm də beynəlxalq insan hüquqları qurumlarına ünvanlanan müraciətdir. Xüsusilə, insan hüquqları institutları yeni münaqişə ocaqlarının yaranmasına yol açan belə fəaliyyətlərin dayandırılması istiqamətində həmrəylik nümayiş etdirməyə çağırılır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın sözlərinə görə, hesabatda bir daha təsdiqlənir ki, nifrət nitqi, onun formalaşdırdığı nifrət ideologiyası sonradan şiddətli aqressiyaya çevrilərək müharibə və soyqırımı cinayətlərinə səbəb olur. “Biz bunu həqiqətən də Ermənistanın Azərbaycana qarşı münasibətinin nümunəsində gördük. Azərbaycana məxsus torpaqların işğal olunmasında anti-Azərbaycan təbliğatının birbaşa təsiri var. Hesabatda da qeyd edildiyi kimi, 30 il boyunca öz qonşusunun torpaqlarını işğal altında saxlayan Ermənistan etnik təmizləmə yolu ilə bir milyondan çox insanı doğma yurdlarından qovaraq qaçqın və məcburi köçkün vəziyyətinə saldı, etnik mənsubiyyətinə görə soyqırımı törətdi. Beynəlxalq hüququ heçə sayan Ermənistana qarşı beynəlxalq miqyasda qınaq olmalıdır”, - deyə deputat qeyd edib.

K.Nurullayeva vurğulayıb ki, hər zaman məsuliyyətdən boyun qaçıran Ermənistan bu illər ərzində Azərbaycanın və beynəlxalq ictimaiyyətin işğala son qoyulması və birgə yaşayış üçün sülh çağırışlarına etinasız yanaşmaqdan çəkinməyib. İkinci Qarabağ müharibəsi dövründə isə bu nifrət daha kəskin hal alıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə edilən hücumlar, işğaldan azad edilən Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş vandalizm faktlarında nifrət siyasətinin izləri aydın görünür.

“Hesabatda da qeyd olunduğu kimi, Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, həyat və sağlamlığı üçün təhlükə yaradılması, soydaşlarımızla amansız rəftar və ləyaqətlərinin mütəmadi alçaldılması ilə özünü öldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi xalqımıza qarşı davam etdirilən nifrət siyasətini bir daha təsdiq edir. Bütün bu faktlar Ermənistanı beynəlxalq hüquq çərçivəsində cəzalandırmaq üçün yetərlidir”, - deyə deputat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.