REGİONLAR
Ombudsmanın təşəbbüsü ilə keçirilən “Sülh aylığı” başa çatır
Xəbər verildiyi kimi, aylıq çərçivəsində dövlət qurumları, ayrı-ayrı təşkilatlar bu mövzuda konfranslar, “dəyirmi masa”lar keçirib, müsabiqələr və sərgilər təşkil ediblər.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müvəkkilin regional mərkəzləri respublikamızın müxtəlif bölgələrində əhali arasında geniş maarifləndirmə işi aparıb.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində, mərkəzi kitabxanada, şəhər bələdiyyəsində, Lənkəran rayonunun Girdəni bələdiyyəsində, Astara şəhər 4 və Cəlilabad şəhər 2 nömrəli tam orta məktəblərində, 8 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə, Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında və Biləsuvar Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində silsilə maarifləndirmə tədbirləri keçiriblər.
Həmin tədbirlərdə regional mərkəzin rəhbəri Ziya İsmayılov Prezidentin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının dördüncü fəslinin 4.10-cu bəndində əhalinin sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O, 21 sentyabr--Beynəlxalq Sülh Gününün mahiyyətini vurğulayıb, sülhün bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli məfhumlardan biri olmasını, insanlar arasında sülh dialoqu və sülh mədəniyyətinin inkişaf etdirilməsinin, münaqişələrin həllinə və sülh prosesinə hər bir kəsin dəstək verməsinin zəruriliyini önə çəkib.
Qeyd olunub ki, Azərbaycan dövləti sülhsevər siyasət yürüdür. NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" Proqramına qoşulan respublikamız Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə, beynəlxalq norma və prinsiplər əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etsə də, təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini kobud şəkildə pozmaqda davam edir.
Ombudsmanın ənənəvi olaraq ölkəmizdə “Sülh aylığı” elan etməsi, müvəkkilin sülh təşəbbüsləri barədə geniş məlumat verilib, fəaliyyəti dövrü ərzində nüfuzlu beynəlxalq təşkilatlara ünvanlanan bəyanatları diqqətə çatdırılıb, iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Bu tədbirlərdə insan hüquqları üzrə müvəkkilin Beynəlxalq Sülh Günü münasibətilə dünya ictimaiyyətinə müraciəti səsləndirilib.
“Sülh aylığı” çərçivəsində keçirilən tədbirlərə iştirakçılar tərəfindən yüksək qiymət verilib.
Keçirilən tədbirlərdə dövlət qurumlarının, orta, orta ixtisas və ali məktəblərin şagirdləri, tələbə gənclər və müəllim heyəti, vətəndaş cəmiyyətinin, QHT-lərin nümayəndələri, kənd sakinləri iştirak ediblər.