CƏMİYYƏT


“Omikron” ştamının xarakterik əlamətlərindən biri müalicəyə tabe olmayan hərarətdir

Bakı, 6 yanvar, AZƏRTAC

“Omikron” ştamı koronavirusun digər variantları kimi standart əlamətlərlə xarakterizə olunur. Lakin bizi narahat edən müalicəyə tabe olmayan, enməyən və ya təkrar yüksələn temperaturdur. Bəzən xəstənin temperaturu 40 dərəcəyə kimi yüksələ bilir. Digər əlamət şiddətli halsızlıqdır. Bəzi xəstələrdə ishal, qusma kimi simptomlar da müşahidə olunur. Qalan əlamətlər digər ştamlarda olduğu kimidir - təngnəfəslik, əzələ, bədən ağrıları. Müalicə metodu standartdır. Vaksinasiya geniş vüsət alsa da “omikron”a qarşı nə qədər effektiv olduğu məlum deyil.

AZƏRTAC xəbər verir ki, bunu həkim-infeksionist Şəfa Musayeva deyib.

Ş.Musayeva son günlər əhali arasında geniş yayılan respirator infeksiyalardan bəhs edərək, onların hansı hallarda qrip və ya koronavirus kimi dəyərləndirildiyi haqqında məlumat verib: “Əgər hər hansı bir şəxs qızdırma, halsızlıq, burun axıntısı kimi tipik zökəm halları və əlində neqativ test nəticəsi ilə şikayət edirsə, həmin pasiyentə 24 və ya 48 saat müddətində təkrar yaxma verməsini məsləhət görürük. Testlər bəzən 60-70 faiz hallarda düzgün göstərir, yalançı neqativlik dediyimiz hallar qeydə alına bilir. Belə hallarda pasiyentin test nəticəsi neqativ olsa belə təkrar yaxma analizindən keçməsini məsləhət görürük. Hazırda müşahidə edilən fəsil dəyişkənliyi, havanın temperaturunu nəzərə alanda bu, mövsümi qrip ola bilər. Elə pasiyent var ki, iki ya üç dəfə test verib, hər birində nəticə neqativ olub. Bu, mövsümü qrip kimi dəyərləndirilir və kəskin respirator xəstəlik kimi müalicə olunur. Əgər xəstə ikinci və ya üçüncü dəfə test verəndə nəticə pozitiv çıxırsa, bu COVID kimi dəyərləndirilir. Pasiyentin yaxma analizinin nəticəsinin neqativ olmasına baxmayaraq, qrip şikayətləri davam edir, ağciyərlərin müayinəsi zamanı hansısa xırıltı, patoloji səslər eşidiriksə, onu uyğun müayinəyə yönləndiririk. Müayinə fonunda pasiyentdə pnevmoniya əlamətləri görürüksə, onun viral və ya başqa pnevmoniya olduğunu müəyyənləşdiririk. Sonda nəticəyə uyğun müalicə tətbiq olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.