CƏMİYYƏT


Ömrünün kamillik zirvəsində

Bakı, 17 iyul, AZƏRTAC

Sadəlik, səmimilik, yüksək peşəkarlıq, hərtərəfli bilik, zəngin təcrübə, təşkilatçılıq qabiliyyəti... Bu nəcib keyfiyyətlər heç də hamıya nəsib olmur. Bu yüksək keyfiyyətlərə malik insanları, sözün həqiqi mənasında, xoşbəxt adlandırmaq olar.

Bu gün 50 yaşı tamam olan Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri Eldar Rzayev məhz belə insanlardandır.

Düz yarım əsrə bərabər bir ömür yolu. Bu yolda Eldar Rzayev çox çətinliklərə sinə gərib. Bu illər ərzində o, özünə başqalarında inam və rəğbət hissi yaradıb. Öhdəsinə düşən məsuliyyətin böyüklüyünü dərk etməklə yanaşı, ona tapşırılan hər bir işi şərəflə, vicdanla yerinə yetirib.

Eldar Rzayev 1968-ci ildə Bakı şəhərində anadan olub. 1986-cı ildə orta məktəbi, 1991-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Təhsilini Fransa Respublikasının Dövlət Administrasiya Akademiyasında davam etdirib. 1995-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəis müavini işləyib, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidentinin protokol xidmətində fəaliyyətə başlayıb. 2003-cü ildə Vatikan Dövlətinin “Gregory Magne” ordeni ilə təltif olunan Eldar Rzayev bir neçə xarici dildə sərbəst danışır.

Yubilyar haqqında xoş sözlər söyləmək bir ənənədir. Ancaq Eldar müəllim haqqında bu xoş sözləri heç də ənənə xatirinə söyləmirik. O, həqiqətən də savadı, istedadı, geniş dünyagörüşü, insanpərvərliyi ilə özünə dərin hörmət və rəğbət qazandıran bir şəxsiyyətdir. Yaşından, dünyagörüşündən, milliyyətindən asılı olmayaraq, hər kəslə səmimi ünsiyyət qurmaq bacarığına malikdir, insanlara sevgi ilə, hörmətlə yanaşır. Ona görə də onunla ünsiyyət quran, dostluq edən insanların sayı çoxdur. Biz onun bu yüksək insani keyfiyyətlərinin Azərbaycan Respublikası Prezidentinin, Birinci vitse-prezidentinin xarici ölkələrə səfərlərini işıqlandıran əməkdaşlarımıza münasibətdə şahidi oluruq. Məhz bu səfərlər zamanı onun peşəkarlığını, səmimiliyini, xüsusilə də qayğıkeşliyini hiss edirik. Onun işi sırf protokolla bağlı olsa da, mətbuatı da heç zaman diqqətdən kənarda qoymur, xüsusən də gənc əməkdaşlarımıza öz köməyini əsirgəmir.

Eldar Rzayevin portret cizgilərinə daha nə əlavə etmək olar? O, səmimi olduğu qədər də həssas, təmkinli insandır. Öz davranışları ilə ətrafındakılara hər zaman inam və qətiyyət, məhəbbət və hörmət hissləri aşılayır. O, həm də təpədən dırnağa qədər vətənpərvər bir insandır.

Köksündə Azərbaycan sevgisi, mənsub olduğu millətə tükənməz məhəbbətlə dolu ürək çırpınan Eldar Rzayev inanırıq ki, daha neçə-neçə illəri arxada qoyacaq, üzərinə düşən işi sevgi ilə və şərəflə yerinə yetirəcək. Heç bir qüvvə onu öz mövqeyindən və amalından çəkindirə bilməyəcək. O, öz ideallarından heç vaxt dönməyəcək, dövlətə, dövlətçiliyə daim sədaqətlə xidmət edəcək.

Dahilərdən birinin “Güclü insanlar həmişə sadədir” fikrini tam mənada Eldar Rzayevə şamil etmək olar. Bəlkə də ona olan ən böyük sevginin, məhəbbətin də qayəsində tutduğu vəzifədən, qazandığı hörmət və nüfuzdan asılı olmayaraq sadəliyi, alicənablığı, insanpərvərliyi dayanır.

Əlli yaş ömrün kamillik zirvəsidir. AZƏRTAC-ın kollektivi bu kamillik zirvəsinə ucalan Eldar Rzayevi 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ürəkdolusu ailə sevinci, məsuliyyətli və şərəfli işində yeni-yeni uğurlar arzu edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.