MƏDƏNİYYƏT
“Ömürdən uzun gecə” tamaşasının premyerası uğurla keçib
Bakı, 31 may, AZƏRTAC
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayət Orucovun “Ömürdən uzun gecə” əsəri əsasında səhnələşdirilən tamaşanın premyerasını təqdim edib.
AZƏRTAC-a bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib. O bildirib ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.
Rollarda Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova və başqaları çıxış ediblər.
Mistik dram janrında hazırlanmış bu əsər şüurun qavraya bilmədiyi mücərrəd dünyadan bəhs edir, insanların anlamadığı tale proseslərini təhlil edir. Məqsəd insanlara mənəvi təmizlənmə üçün bir-birlərinə yardım etmələrini aşılamaqdır. Məkan və zaman anlayışı bu tamaşada nisbidir.