İDMAN


On altı yaşadək şahmatçılar arasında növbəti Olimpiada Naxçıvanda keçirilə bilər

Bakı, 7 noyabr, AZƏRTAC

On altı yaşadək idmançılar arasında Ümumdünya Şahmat Olimpiadası 2020-ci ildə Azərbaycanda keçirilə bilər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov məlumat verib. O qeyd edib ki, AŞF-nin Naxçıvan Şahmat Federasiyası ilə birgə FIDE-yə göndərdiyi məktubda Naxçıvanın 2020-ci ildə bu nüfuzlu turnirə ev sahibliyi etmək istədiyi ifadə olunub.

Olimpiadanın Naxçıvanda yüksək səviyyədə təşkili üçün hər cür şəraitin olduğunu vurğulayan Faiq Həsənov deyib: “Azərbaycanda şahmata maraq çox böyükdür. Təsadüfi deyil ki, şahmatçılarımızın sorağı ən nüfuzlu turnirlərdən gəlir. Şahmatın Naxçıvanda da yüksək sürətlə inkişafı istiqamətində çoxlu işlər görülür. Seymur Talıbov Naxçıvan Şahmat Federasiyasına rəhbər seçildikdən sonra bu sahədə kütləvilik artıb, uşaq və yeniyetmələrdə idmanın bu növünə böyük maraq yaranıb. Naxçıvan şahmatçıları artıq beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edib, nəticələrini getdikcə yaxşılaşdırırlar. Ümumdünya Şahmat Olimpiadasının Naxçıvanda yüksək səviyyədə təşkili üçün hər cür şərait var”.

Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında heyətində Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Gövhər Beydullayeva, Vüqar Manafov, Məhəmməd Muradlının olduğu “Azərbaycan” komandası böyük uğura imza ataraq 16 xalla qızıl medala sahib olub. Digər komandamız – “Azərbaycan-Naxçıvan” isə 8 xalla 29-cu pillədə qərarlaşıb.

2016-cı ildə 1600-dək zəka ustasının mübarizə apardığı böyüklər arasında 42-ci Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.