İQTİSADİYYAT
On ayda 27,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib
Bu ilin yanvar-oktyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 27,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 22,8 faizini təşkil edib. Qida, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, digər nəqliyyat vasitələrinin istehsalında artım müşahidə olunub. İstehsal edilən sənaye məhsulunun 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini 6,3 faiz üstələyib, neft-qaz sektorunda isə 1,7 faiz azalıb. Ümumi sənaye istehsalının 93 faizi malların (əmtəələrin), 7 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,6 faizi özəl bölmədə istehsal olunub.