İQTİSADİYYAT
On ayda Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3,2 faiz artıb
Bakı, 30 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında paytaxtın pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz artaraq 15 milyard 966,3 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabat istinadla xəbər verir ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,2 faiz üstələyərək 15 milyard 959,6 milyon manat təşkil edib. Hesabat dövrü ərzində paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsulların alınmasına ötən ilin eyni göstəricisi ilə müqayisədə orta hesabla ayda 27,8 manat daha çox vəsait xərcləyib.
On ayda pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,3 faiz artaraq 7 milyard 237,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3 faiz artaraq 8 milyard 728,8 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində qeyri-ərzaq məhsullarının xüsusi çəkisi keçən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artaraq 54,7 faiz təşkil edib.
Cari ilin əvvəlindən istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 38,8 faizi ərzaq məhsullarının, 6,5 faizi içkilər və tütün məmulatlarının, 12,1 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,4 faizi elektrik malları və mebelin, 2,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,3 faizi əczaçılıq və tibbi malların, 7,5 faizi avtomobil yanacağının, 25,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 30,4 milyon manatlıq və ya ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,4 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə edilib.