İQTİSADİYYAT


On ayda büdcəyə daxil olmuş vergilərin 74,9 faizi qeyri-dövlət sektorunun payına düşüb

Bakı, 28 noyabr, AZƏRTAC

Qeyri-neft sektorunun inkişafı bu sahədə vergi daxilolmalarının da artmasına səbəb olub. Belə ki, cari ilin on ayı ərzində büdcəyə daxil olmuş vergilərin 25,1 faizi dövlət, 74,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə daxil olan vəsaitin həcmi 4 milyard 63,1 milyon manat təşkil edib. Qeyri-neft sektorunun qeyri-dövlət bölməsində fəaliyyət göstərən vergiödəyiciləri tərəfindən ödənilmiş vəsaitin həcmi isə 3 milyard 4,5 milyon manata bərabər olub.

Qeyri-neft daxilolmalarının həcminin artırılmasında başlıca istiqamətlərdən biri kimi vergidən yayınmaların qarşısının alınması məqsədilə nağd hesablaşmaların məhdudlaşdırılması və transfert qiymətlərinin tətbiqinə nəzarətin gücləndirilməsi, ƏDV-nin vergitutma bazasının genişləndirilməsi kimi tədbirlərin görülməsi nəzərdə tutulur. Aparılan vergi siyasəti həm də əlavə mənbələr hesabına vergi bazasının genişləndirilməsi və vergi daxilolmalarının həcminin artırılmasına hesablanıb.

Hazırda vergi qanunvericiliyində nəzərdə tutulmuş dəyişikliklərin və vergi siyasətinin əsas hədəflərindən biri sahibkarların fəaliyyətinin genişləndirilməsi, yeni istehsal, xidmət sahələrinin yaradılması və onların gəlirlərinin artırılmasından ibarətdir.

Vergi yükünün azaldılması, tətbiq olunan vergi güzəştləri və vergidən azadolmalar, eləcə də dövlətin verdiyi digər dəstək tədbirləri də qeyri-neft sektorunda çalışan sahibkarları təşviq etmək məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.