İQTİSADİYYAT
On bankın qorunan əmanətçilərinə 711 milyon 557 min manatdan artıq kompensasiya ödənilib
Bakı, 26 noyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 25-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 868 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), "Zaminbank"ın əmanətçilərinə 52 milyon 334 min manat (ümumi kompensasiya öhdəliyinin 72 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 021 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96 faizdən çoxu) kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 125 milyon 415 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 146 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 218 min manatı (ümumi kompensasiya öhdəliyinin 97 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 928 min manatı (ümumi kompensasiya öhdəliyinin 92 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank"ın əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 081 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 205 min manatdan çoxdur.
Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 424 milyon 791 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96 faizi) kompensasiya ödəyib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 711 milyon 557 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.