İQTİSADİYYAT
On bankın qorunan əmanətçilərinə 726 milyon 643 min manatdan artıq kompensasiya ödənilib
Bakı, 5 aprel, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən aprelin 4-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 milyon 199 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank"ın əmanətçilərinə 54 milyon 504 min manat (ümumi kompensasiya öhdəliyinin 76 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 087 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7 faizdən çoxu) kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 128 milyon 561 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 254 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 280 min manatı (ümumi kompensasiya öhdəliyinin 98,1 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 974 min manatı (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 436 milyon 258 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99 faizi) kompensasiya ödəyib.
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə l müddət yanvarın 27-də başa çatıb və bu tarixədək əmanətçilərə 24 milyon 161 min (ümumi kompensasiya öhdəliyinin 97 faiz), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə müddət fevralın 4-də bitib və bu tarixədək əmanətçilərə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 faiz), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə müddət fevralın 12-də başa çatıb və bu müddətədək əmanətçilərə 120 milyon 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faiz) kompensasiya ödənilib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 726 milyon 643 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.