REGİONLAR
On beş aylıq fasilədən sonra Lənkəran Beynəlxalq Hava Limanında təyyarə reysləri bərpa olunub VİDEO
Lənkəran, 11 iyun, İsmayıl Cəfərli, AZƏRTAC
On beş aylıq fasilədən sonra ötən gün Lənkəran Beynəlxalq Hava Limanında təyyarə reysləri bərpa olunub. Saat 16:35 radələrində Rusiyanın Sankt-Peterburq şəhərindən “Şimal küləyi” aviaşirkətinə məxsus təyyarə hava limanına eniş edib. Təyyarə ilə Lənkərana 179 sərnişin gəlib. Lənkərandan əks istiqamətə isə 114 sərnişin yola salınacaq.
AZƏRTAC xəbər verir ki, Lənkəran Beynəlxalq Hava Limanında sərnişinlərə pandemiya qaydalarının tələbləri gözlənilməklə xüsusi nəzarət edilir.
Sankt-Peterburq-Lənkəran-Sankt-Peterburq reysi üzrə uçuşlar həftədə bir dəfə həyata keçiriləcək. Digər reyslərin də cədvələ uyğun həyata keçirilməsi planlaşdırılır.
Lənkərana gələn sərnişin Adil Əsgərov bildirib ki, Rusiyanın Sank-Peterburq şəhərində çoxlu azərbaycanlı yaşayır. Xüsusilə də cənub bölgəsində yaşayanlar üçün bu, çox xoş oldu. “Uçuşların bərpa olunması bizi çox sevindirir. Gəlib-getməyə əziyyət çəkməyəcəyik”, - deyə o əlavə edib.
Lənkəran Beynəlxalq Hava Limanının direktoru Anar Axundov isə bildirib ki, koronavirus pandemiyası səbəbindən uçuşlar həyata keçirilmirdi. Onun sözlərinə görə, iyunun 13-də Moskva-Lənkəran-Lənkəran reysi də bərpa olunacaq.
“Bu reyslərin bərpa olunması bölgəmizin turizm potensialının artmasına da öz töhfəsini verəcək. Buraya yerli turistlərlə yanaşı, Rusiya vətəndaşları da səfər edirlər və onlar cənub bölgəmizin təbiətini daha yaxından görə biləcəklər”, - deyə o vurğulayıb.