MƏDƏNİYYƏT
On bir ölkədən olan rəssamın qatıldığı “Görünməz Biennale” layihəsi davam edir
Bakı, 11 fevral, AZƏRTAC
Ötən ilin dekabrında başlayan və www.lebiennaliinvisibili.org saytı vasitəsilə təqdim olunan “Görünməz Biennale” (Le Biennali Invisibili) layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, 11 ölkədən olan rəssamın iştirak etdiyi layihənin kuratoru “Goethe-Zentrum Baku”nun direktoru, məşhur kurator və sənətşünas Alfons Huqdur.
Layihənin yaradıcıları Alicia Lazzaroni, Antonio Bernacchi, Tiin van de Veydeven və Eduardo Cassina italyan yazıçısı Italo Calvinonun alternativ şəhər həqiqətlərini təsvir edən “Görünməz şəhərlər” adlı kitabından ilhamlanıblar.
“Görünməz Biennale” layihəsinin müəllifləri 11 xəyali biennale yaradıblar. Dünyanın hər yerindən öz konseptual-tənqidi düşüncələrini təqdim edən 11 rəssam bu layihənin iştirakçılarıdır. Layihədə yeni fikirlər təklif edən və dizayn və sənət icmalarının ənənəvi qeyd olunmasını tənqid edən bir sıra virtual hadisələrdə, kurator axtarışlarının əsası kimi uydurma və yalançı reallıqlardan istifadə edir.
Azərbaycanı “Görünməz Biennale” layihəsində Əməkdar rəssam, çoxsaylı beynəlxalq art layihələrinin kuratoru Sabina Şıxlinskaya təmsil edir. O, xüsusi olaraq bu layihə üçün çox maraqlı, ümumilikdə bədii təfəkkürün bəzi tənqidi aspektlərinə toxunan əsər təqdim edib.
Layihə ilə bağlı ətraflı məlumat əldə etmək üçün “Goethe-Zentrum Baku”nun “Facebook” və “Instagram” səhifələrinə müraciət etmək olar.