REGİONLAR
On bir yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun asfaltlanmasına başlanılıb VİDEO
Qusar, 18 iyun, Elxan Yusifli, AZƏRTAC
On iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, iyun ayının əvvəlindən yolun asfaltlanmasına başlanılıb. Qısa müddətdə 25 kilometr uzunluğundakı yolun altı kilometrinə birinci qat asfalt örtüyü döşənib.
Hazırda işlər yolun Gündüzqala kəndi ərazisindən keçən hissəsində aparılır. Eni 8 metr olan avtomobil yoluna döşənən asfalt örtüyünün qalınlığı 14 santımetr olacaq.
İş icraçısı Rafael Paşayev AZƏRTAC-a müsahibəsində bildirib ki, tikintisinə 2014-cü ilin qış aylarında başlanan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolu beynəlxalq standartlara uyğun çəkilir. Yol rayonun Köhnə Xudat, Bədişqala, Gündüzqala, İmamqulukənd, Suduroba və Quxuroba kəndlərindən keçərək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna birləşir.
Avtomobil yolunun tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat ayrılıb.