REGİONLAR
Ön cəbhədəki əsgərlərə Novruz sovqatı
Göyçay, 17 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda fəaliyyət göstərən “AzNar” QSC-nin nar emalı müəssisəsinin kollektivi Novruz bayramı münasibətilə Bərdə və Goranboy rayonlarındakı “N” saylı hərbi hissələrə bayram sovqatı aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədovun təşəbbüsü ilə keçirilən bu xeyriyyə aksiyası zamanı zavodda istehsal olunan müxtəlif çeşiddə meyvə şirələri, eləcə də qoyun əti, müxtəlif ərzaq məhsulları və bayram şirniyyatları cəbhə bölgəsindəki hərbi hissələrə çatdırılıb. On yeddi tondan çox qida məhsulları ön xətdə düşmənlə üz-üzə dayanan cəsur əsgərlərə paylanılıb.
Şirkətin baş direktoru Teymur Əhmədov cəbhə bölgəsində Vətənin keşiyində ayıq-sayıq dayanan zabit və əsgərləri bayram münasibətilə təbrik edib.