MƏDƏNİYYƏT
On dörd nömrəli musiqi məktəbi Milli Qurtuluş Gününü qeyd edib
Bakı, 16 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı və eləcə də 14 nömrəli uşaq musiqi məktəbi ilə birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Milli Qurtuluş Günü haqqında ətraflı məlumatla açılıb. Qeyd olunub ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan və daim xalqına arxalanan ümummilli lider Heydər Əliyevdir.
Qeyd edək ki, tədbirin bədii hissəsində musiqi məktəbinin xor kollektivi “Vətənimsən, Azərbaycan”, nağaraçalanlar “Azərbaycan ritmləri” , Mədəniyyət Mərkəzinin “Ada” rəqs qrupu “İnnabı”, “Köstəbək” rəqsləri və “Yaşa, Azərbaycan”, “Bulaq” uşaq bağçasının gül balaları şeir və kompozisiya ilə çıxış ediblər.
Sonda kitabxanada Heydər Əliyevin siyasi yolu, həyatı haqqında bəhs edən kitablardan təşkil edilmiş sərgiyə baxış keçirilib.