ELM VƏ TƏHSİL
On iki mindən çox müəllimin diaqnostik qiymətləndirilməsinə başlanılıb VİDEO
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də növbəti diaqnostik qiymətləndirməyə başlanılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qiymətləndirmə Qax Olimpiya İdman Kompleksində keçirilir.
Beş gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək.
Diaqnostik qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.