İQTİSADİYYAT
On ildən çox istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı tədbirlər planı hazırlanıb
Bakı, 11 iyun, Elvin Camalov, AZƏRTAC
On ildən çox istifadə olunan avtonəqliyyat vasitələri ilə bağlı tədbirlər planı hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 11-də XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (TransCaspian/Translogistika 2018) sərgisi çərçivəsində keçirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) fəaliyyətinə dair "Avtomobil Nəqliyyatı - Yeni Tənzimləmə Konsepsiyası" mövzusunda konfransda DANX-ın rəisi Həbib Həsənov deyib.
O bildirib ki, narahatçılıq doğuran əsas məqamlardan biri də avtonəqliyyat vasitələri parkının istismar müddəti və texniki vəziyyətidir: “Aparılan təhlillər göstərir ki, hazırda respublikada olan avtobusların 77 faizi, yük avtomobillərinin isə 81 faizinin yaşı 10 ildən çoxdur. Bu da öz növbəsində avtonəqliyyat vasitələri parkının yaxın gələcəkdə daha da köhnəlməsi ilə yanaşı, sərnişinlərin rahat və təhlükəsiz daşınması ilə bağlı məsələləri də gündəmə gətirir”.
H.Həsənovun sözlərinə görə, avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti 5 il ərzində avtomobillərin orta yaş həddinin 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb. Hazırlanan təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm avtobus marşrutlarında fəaliyyət göstərən sahibkarları, sifarişli daşımalar sektorunda çalışan hüquqi və fiziki şəxsləri öz avtonəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün qanunvericilik səviyyəsində bir sıra stimullaşdırıcı, həvəsləndirici və dəstəkləyici tədbirlərin görülməsi də öz əksini tapıb.