REGİONLAR


On illik həsrətdən sonra doğulan yeganə övlad canını Vətən uğrunda fəda etdi VİDEO

Şabran, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Şəhid İlkin Ağaquliyev 44 günlük Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklər və Suqovuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdərə cəbhəsində şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü ölümündən sonra iki medalla təltif olunub.

İlkin Ağaquliyev 4 oktyabr 2000-ci ildə Şabran şəhərində doğulub. 10 illik övlad həsrətindən sonra dünyaya gələn İlkin ailədə yeganə uşaq olub. Orta təhsilini Şabran şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Məktəbdə oxuduğu dövrdə Şabran musiqi məktəbində qarmon ixtisası üzrə də təhsil alıb. Cüdo idman növü ilə də məşğul olan İlkin rayon və zona yarışlarında mükafatçılar sırasına düşməyi bacarıb. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olub.

İlkin Ağaquliyev 2020-ci ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra könüllü müraciəti əsasında Əlahiddə Həmlə Batalyonunda xidmətə başlayıb.

“İlkin yeganə övladım olub. Evimin nuru, evimin dirəyi olub. Ərköyün, çılğın bir uşaq idi. Vətənini çox sevirdi. Kompüterinin qarşısında həmişə bayraq olardı. Tək övlad olduğu üçün onun hərbçi olmasını istəmirdim. Amma əsgərlikdən sonra özü qərar verdi. Hərb sahəsində qalıb işlədi. Altı ay idi işə düzəlmişdi. Düşmənə böyük nifrəti vardı. Müharibə başlayanda ona dedim ki, özündən muğayat ol, evin tək övladısan, biz öləndə sənin çiynində getməliyik. O isə cavab verdi ki, onu hələ bilmək olmaz, kim kimin çiynində aparılıb dəfn ediləcək. Bu söhbətimizdən iki gün sonra şəhid oldu”, - deyə şəhidin anası Səfurə Ağaquliyeva söyləyib.

Vətən müharibəsində İlkinin döyüş yolu Murovdağ silsiləsində başlayıb. Füzulinin bir sıra yaşayış məntəqələrinin və Suqovuşanın azad olunmasında fəal iştirak edib. Oktyabrın 16-da Ağdərə cəbhəsində son döyüşünə girib. Yaralı döyüş yoldaşını atəş altından çıxararkən düşmənin snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

İlkin Ağaquliyev 2020-ci il oktyabrın 18-də Şabrandakı Şəhidlər xiyabanında dəfn edilib.

Qəhrəman döyüşçü ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.