CƏMİYYƏT
On kiloqramdan çox narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb VİDEO
Bakı, 19 may, AZƏRTAC
Külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Elvin Zeynalov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 390 qram heroin və 215 qram metamfetamin aşkarlanaraq götürülüb.
Baş İdarənin əməkdaşları əməliyyat tədbirlərinin davamı olaraq Elvin Zeynalovun Əmircan qəsəbəsində yaşadığı evə də baxış keçiriblər. Oradan isə idman çantasının içərisindən 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, ümumi çəkisi 19,92 qram olan 498 ədəd metadon həbi və elektron tərəzi aşkar edilərək götürülüb. Əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırma zamanı müəyyən edilib ki, Elvin Zeynalov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib. Daha sonra Elvin Zeynalov narkotik vasitələri paytaxta gətirərək yaşadığı evdə gizlədib. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli olduğunu bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Elvin Zeynalov tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.