CƏMİYYƏT
On milyonuncu sakinin dünyaya gəlməsi Suraxanıda təntənəli şəkildə qeyd edilib
Bakı, 8 aprel, AZƏRTAC
Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Ocaqova ilə Rauf Həsənovun ailəsində 2019-cu il aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Suraxanıda silsilə tədbirlərlə qeyd edilib. Bu barədə AZƏRTAC-a Suraxanı Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, YAP Suraxanı rayon təşkilatının fəalları, ictimaiyyət nümayəndələri Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə əvvəlcə Neftçilər parkında 300 ağac əkiblər. Aksiyada 240 nəfər iştirak edib.
Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda Ulu Öndərin abidəsi önündə rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fləşmob təşkil edilib.
Heydər Əliyev Parkında təşkil olunmuş konsertdə tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə qeyd olunub ki, aprel ayı Azərbaycan xalqı üçün zəfər ayıdır. Bu günlər Azərbaycan ictimaiyyəti 2016-cı ilin aprelində baş vermiş və Ordumuzun şəksiz qələbəsi ilə nəticələnmiş məşhur “dördgünlük müharibə”nin – Aprel zəfərinin üçüncü ildönümünü qeyd edir. Vurğulanıb ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Güclənən, qüdrətli, əhalisinin sayı durmadan artan Azərbaycan mənfur düşmənimiz üçün daim qorxu mənbəyidir. Azərbaycanda hakimiyyət və xalq arasında monolit birlik var. Xalq Prezidentini sevir. Prezident isə xalqın mənafeyini hər şeydən üstün tutur. Belə bir ölkənin vətəndaşı olmaqdan qürur duyuruq.
Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.