REGİONLAR
On milyonuncu sakinin dünyaya gəlməsi Zaqatalada fləşmob və kütləvi tədbirlərlə qeyd olunub
Zaqatala, 8 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Zaqatala rayonunda da böyük sevinc hissi ilə qarşılanıb. Zaqatalalılar bu əlamətdar hadisəni bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin on milyonuncu sakininin anadan olması münasibətilə Zaqatalada yüzlərlə gəncin iştirakı ilə fləşmob və konsert proqramı təşkil edilib. Gənclər əvvəlcə şəhər stadionunun yaşıl meydançasında 10 milyon rəqəmini yazıb, havaya şarlar buraxılıb.
Sonra bayram tədbiri ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında konsert proqramı ilə davam edib. Tədbirdə çıxış edənlər Azərbaycanda əhalinin sayının dinamik templə artmasının Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasətin, əhalinin, o cümlədən aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin məntiqi nəticəsi olduğunu bildiriblər.
Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələri və sakinlərin iştirak etdiyi tədbirdə rayonun musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.