DÜNYA
On ölkə Avropa Sabitlik Mexanizmi üçün əlavə səlahiyyətlər tələb edir
Vilnüs, 3 noyabr, AZƏRTAC
Litva da daxil olmaqla Avropa İttifaqının (Aİ) üzvü olan 10 ölkə Avropa Sabitlik Mexanizminə (ESM) daha çox səlahiyyət verilməsini təklif edib.
Litva Maliyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, böhranların qarşısının alınması və maliyyə yardımı proqramlarının monitorinqi ilə bağlı səlahiyyətlərdən söhbət gedir.
Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Niderland, İsveç və Slovakiyanın maliyyə nazirləri Avropa İttifaqının müvafiq orqanları və Aİ üzvü olan dövlətlərlə birgə bəyanat imzalayıblar.
Litvanın maliyyə naziri Vilyus Sapoka deyib: “Mükəmməl ESM avrozonada və bütün Aİ bölgəsində sabitlik üçün həyati əhəmiyyət kəsb edir və onun böyük perspektivləri var”.
V.Sapoka daha sonra deyib: “ESM-in əsas vəzifəsi böhranların nəticələrini aradan qaldırmaqdır, lakin indi biz gələcəyə baxmalıyıq. Potensial riskləri vaxtında idarə etmək üçün bu təsisat onları qiymətləndirməli, maliyyə yardımı proqramları hazırlamalı və həyata keçirməlidir”.
On ölkənin maliyyə nazirləri bildiriblər ki, ESM avrozonada və Aİ üzvü olan dövlətlərdə maliyyə sabitliyinin dəstəklənməsini yalnız zəruri hallarda davam etdirməlidir. Nazirlər deyiblər: “ESM əsasən avrozona üzvləri olan ölkələr üçün kreditor kimi qalmalıdır”.
Birgə bəyanata əsasən, Aİ üzvü olan hər hansı dövlətə maliyyə yardımı göstərməkdən əvvəl onun tədiyə sabitliyi və borcları ödəmə potensialı qiymətləndirilməlidir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs