REGİONLAR
On səkkiz aydır Quba Rayon Mərkəzi Xəstəxanasında yaşayan Rusiya vətəndaşı vətəninə yola salınacaq VİDEO
Quba, 27 avqust, Elxan Yusifli, AZƏRTAC
On səkkiz aydır Quba Rayon Mərkəzi Xəstəxanasında yaşayan Rusiya vətəndaşı yaxın günlərdə vətəninə yola salınacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 64 yaşlı Viktor Seryakov xəstəxanaya 2017-ci ilin noyabr ayında təcili-tibbi yardım maşını ilə gətirilib. Tibb müəssisəsində müayinə zamanı onun gözlərinin görmədiyi, bədəninin müxtəlif nahiyələrində yaraların olduğu və bir sıra xəstəliklərə yoluxduğu müəyyənləşib.
V.Seryakov özü haqqında məlumat verərkən 1994-cü ilədək Rusiya Federasiyasının Vladimir vilayətində yaşadığını bildirib. Üç il məhbəs həyatından sonra azadlığa çıxan Viktor tanışının təklifi ilə Azərbaycana işləməyə gəlib. Uzun müddət Siyəzən və Quba rayonu ərazilərindəki təsərrüfatlarda çalışıb. Sənədlərini isə itirdiyini söyləyib.
O, Quba Rayon Mərkəzi Xəstəxanasında qaraciyər problemləri, ağciyərdə xroniki pnevmaniya və dəri xəstəliklərindən kompleks müalicə olunub. Gözlərinin tutulmasına səbəb olan kataraktanın əməliyyatla müalicəsi isə, yanaşı xəstəlikləri olduğuna görə təxirə salınıb.
İki ilə yaxın tibb müəssisəsində yaşayan Viktora xəstəxana heyəti qulluq edib. V.Seryakovun sənədləri olmadığından hər hansı dövlət müəssisəsinə yerləşdirilməsi mümkün olmayıb.
Xəstəxananın baş həkimi Əliyar Sərvərov V.Seryakovla əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət edib.
Ombudsman Elmira Süleymanovanın Rusiyanın ölkəmizdəki səfirliyi və Rusiyanın Federal Ombudsmanı ilə danışıqlarından sonra V.Seryakov pasportu əvəz edən şəhadətnamə ilə təmin olunub. İndi onun Rusiyaya göndərilməsi və orada yerləşdirilməsi ilə bağlı digər məsələlər həll edilir. V.Seryakov sentyabr ayında vətəninə yola salınacaq.