CƏMİYYƏT


On yeddi kiloqramdan çox narkotik vasitənin onlayn satışını təşkil etmək istəyən qardaşlar saxlanılıb VİDEO

Bakı, 25 may, AZƏRTAC

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Aqil Salmanov Nərimanov rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 kiloqram 98 qram narkotik vasitə heroin və 519,789 qram psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq məlum olub ki, ona narkotik vasitələri satmaq məqsədi ilə qardaşı, əvvəllər məhkum olunmuş Kamil Salmanov verib. Baş İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı o da tutularaq məsuliyyətə cəlb edilib. Hər iki qardaşın Nərimanov rayonunda yaşadıqları evə baxış zamanı 12 kiloqram 360,737 qram heroin, 2 kiloqram 277,334 qram metamfetamin və 1 ədəd elektron tərəzi, həmçinin evə baxış zamanı Salmanov qardaşlarına məxsus 3 ədəd tapança, 2 ədəd patron darağı və 24 ədəd patron aşkarlanaraq götürülüb. Bu əməliyyat nəticəsində isə Baş İdarənin əməkdaşları tərəfindən 17 kiloqramdan çox narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırma zamanı müəyyən olunub ki, Kamil Salmanov bir müddət əvvəl hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinin Yasamal rayonunda qəbul edib. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər narkotik vasitələri paytaxtın müxtəlif nöqtələrinə qoyaraq həmin yerlərin şəklini çəkib “WhatsApp” anı mesajlaşma şəbəkəsi vasitəsilə İran vətəndaşına göndəriblər. Onlayn yolla müştərilər pulu İran vətəndaşının hesabına yükləyəndən sonra isə narkotik vasitələrin yerləşdirildiyi məkanların şəkilləri onlara ötürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Aqil və Kamil Salmanovlar tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.