MƏDƏNİYYƏT


Onlar “Tarixə və ənənəyə toxunuş” vasitəsilə hiss edəcək

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Azərbaycan Xalça Muzeyində açılan növbəti “Tarixə və ənənəyə toxunuş” sərgi görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda ilk sosial layihə olan “Tarixə və ənənəyə toxunuş” Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə reallaşıb. Fevral ayı ərzində ziyarətçilərin ixtiyarına veriləcək layihə “ASAN” Radio, “ASAN” Könüllülük Məktəbi və “British Council”ın dəstəyi ilə keçirilir.

Tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva layihənin əhəmiyyətindən söz açıb.

Bildirib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud olan insanların müdafiəsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Onların cəmiyyətə inteqrasiyası, maddi və mənəvi tələbatlarının ödənilməsini təmin etmək dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Qeyd edib ki, sözügedən sərgi də məhz həmin diqqət və qayğının bariz nümunəsidir: “Ekspozisiyanın bir hissəsini Türkiyənin GEA Arama Kurtarma Ekoloji və İnsani Yardım İctimai Təşkilatının səyyar sərgisi təşkil edir. Bu sərgi Türkiyə və digər ölkələrdə böyük uğurla nümayiş etdirilib. Azərbaycan Xalça Muzeyi öz növbəsində sözügedən layihəni “Ənənəvi texnologiya” şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırlanan xalça nümunələri ilə tamamlayır”.

Vurğulanıb ki, bura dünya muzeylərinin məşhur eksponatlarının surətləri, gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxildir. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palaz, kilim, şəddə, zili kimi növləri görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya bilir. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunub. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir. Ekspozisiyanın əsasını 15 əşyadan ibarətdir.

Nazir müavini söyləyib ki, sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovlu və xovsuz xalçaların toxunması və makrame üzrə ustad dərsləri təşkil olunacaq.

Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova deyib ki, sözügedən layihə ölkəmizdə bu istiqamətdə reallaşan pilot layihədir. Xalça Muzeyinin ölkədə ən çox ziyarət edilən məkanlardan olduğunu qeyd edən Ş.Məlikova bildirib ki, ötən il muzeyi 110 mindən artıq inan ziyarət edib. Bu ziyarətçilərin içində fiziki qüsurlu insanlar da yetərincədir.

“Xalça elə bir orqanik materialdır ki, ona toxunmamaq mümkün deyil. Burada yerləşən qədim və unikal eksponatlara toxunmaq olmaz. Ancaq müxtəlif texnikalarını ayırd etmək üçün xalçalara toxunmaq mütləq lazımdır. Ona görə də biz xovsuz xalçaların müxtəlif nümunələrini toxutdurduq. Görmə qabiliyyəti olan insanlar üçün bu çox vacibdir. Biz bu gün bu addımı atdıq. Hər zaman muzeydə innovativ layihələrin reallaşmasına üstünlük veririk”, - deyə Ş.Məlikova qeyd edib.

“Azersun Holding” şirkətlər qrupunun vitse-prezidenti Tahir Gözəl çıxış edərək layihənin əhəmiyyətindən danışıb: “Layihənin əhəmiyyəti ondadır ki, dünya işığına həsrət olan insanlar burada tarixə toxuna biləcəklər. Bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm”, - deyə T. Gözəl söyləyib.

“Söz” ədəbi layihəsinin rəhbəri, şairə Nigar Həsənzadə və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Reyhan Cəfərova çıxış edərək layihənin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.