İQTİSADİYYAT


Onlar bilirdilər ki, müstəqil Azərbaycan ideyasını müstəqil iqtisadiyyat yaratmaqla reallığa çevirmək olar

Bakı, 26 may, AZƏRTAC

Vergilər Nazirliyi AZƏRTAC-ın xahişi ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrində maliyyə sisteminin tənzimlənməsi ilə bağlı görülən işləri şərh edib.

Yeni qurulan cümhuriyyətin qarşısında duran vəzifələrdən biri gənc respublikanın maliyyə sistemini tənzimləmək və xəzinədə vəsait toplanmasına nail olmaq idi. İstiqlalımızın görkəmli nümayəndələri olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.M.Topçubaşov və başqaları bilirdilər ki, müstəqil Azərbaycan ideyasını yalnız müstəqil iqtisadiyyat yaratmaqla reallığa çevirmək olar.

Cümhuriyyət parlamenti, ilk növbədə, iqtisadiyyatı dirçəltmək məqsədilə bir sıra qanunverici aktların hazırlanmasına və qəbul edilməsinə başladı. Bu aktlar kredit, vergi, bank və gömrük sahələrinə aid idi. Büdcə quruculuğuna bilavasitə vergi işindən başlanıldı. Vergi işinin təşkili Maliyyə Nazirliyinin səlahiyyətində idi. Qısa müddətdə vergi orqanlarının həm mərkəzi, həm də yerlərdə şəbəkəsi formalaşdırıldı.

Cümhuriyyətin ilk tədbirlərindən biri aksiz idarələrinin təsdiqlənməsi oldu. Buraya Bakı, Gəncə, Zaqatala quberniyalarında yerləşən qurumlar daxil idi. Yerli məsul struktur orqanlar yaradılmaqla qəza rəislərinin vergi yığmaq funksiyası onların əlindən alındı. Parlamentin 1919-cu il martın 17-də təsdiq etdiyi qanunla yerlərdə gəlir vergisini yığmaq hüququ quberniya və qəza idarələrinə verildi. Həmçinin parlamentin 1919-cu il 17 iyun tarixli qərarı ilə Maliyyə Nazirliyinin nəzdində mərkəzi nəzarətçi orqan kimi Vergi Müfəttişliyi təsis edildi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət vergi işini institusional cəhətdən daima təkmilləşdirir, buradakı problemlərə xüsusi diqqət yetirirdi. Parlamentin 1919-cu il dekabrın 22-də keçirilən iclasında Balaxanı-Sabunçu rayonlarının vergi polisinin təsis edilməsi haqqında qanuna baxılmışdı. 1919-cu il mayın 15-də isə kapital vergisinin, müstəqim vergilərin dərəcələri təsdiq olunmuşdu. Məsələn, kapital üçün vergi müəssisələrin əsas kapitalının hər bir manatı üçün 30 qəpik müəyyənləşdirilmişdi.

Aparılan işlər və Xalq Cümhuriyyətinin ciddi səyləri sayəsində 1919-cu il üçün dövlət büdcəsini formalaşdırmaq mümkün oldu. Dövlət büdcəsinin gəlir hissəsi müstəqim və qeyri-müstəqim vergilərdən, gömrük haqqından, dövlətin inhisarı, mədənlərin istismarı haqqı (mədən vergisi), dövlət dəmir yolunun xalis gəlirindən ibarət olmaqla altı əsas hissəyə bölünmüşdü. Müstəqim vergilərə torpaq, əmlak, gəlir vergiləri, hərbi mükəlləfiyyət vergisi və notarial vergilər, qeyri-müstəqim vergilərə isə ağ neft, benzin, sürtkü yağları, kerosin və neftdən alınan digər məhsullardan, həmçinin tütün, papiros kağızları, şəkər və çaydan alınan vergilər aid idi. Hökumətin inhisarına aid vergilərə isə mədən gəliri, poçt-teleqraf gəliri, meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq təsərrüfatlarından gələn gəlirlər aid edilirdi. Bu vergilər hesabına 1919-cu il üçün dövlət büdcəsinin gəlirlərini 665 milyon manata çatdırmaq nəzərdə tutulmuşdu.

Dövlət büdcəsinin gəlirlərinin strukturunda müstəqim vergilər 17,3 faiz, qeyri-müstəqim vergilər 18 faiz, gömrük haqqı 15 faiz, neft mədənlərindən, meşələrdən, pambıq tarlalarından, balıq vətəgələrindən alınan istismar haqqı 34,3 faiz, dövlət dəmir yolunun xalis gəliri 7,5 faiz təşkil edirdi. Respublika iqtisadiyyatının əsasını təşkil edən neft istehsalının azalmasına baxmayaraq, neft məhsullarından tutulan qeyri-müstəqim vergilər və neft mədənlərindən alınan istismar haqqı göründüyü kimi, büdcə gəlirlərinin 52,3 faizini təşkil edirdi.

Gənc müstəqil dövlətin ilk büdcəsini həm daxili, həm də xarici səbəblərdən mükəmməl hesab etmək olmazdı. Müharibə və rus inqilabının ölkənin dövlət həyatında yaratdığı ağır vəziyyət, həmçinin ölkə iqtisadiyyatının zəifliyi, pul nişanlarının qiymətdən düşməsi büdcə quruculuğuna mənfi təsir göstərirdi. Öz növbəsində büdcəni formalaşdırmadan iqtisadiyyatı ağır vəziyyətdən qurtarmaq və möhkəmləndirmək çətin idi. 1919-cu ilin dekabrın 11-də parlament tərəfindən qəbul edilən “Azərbaycan Respublikasının sərhədlərindən kənara xammal ixracının şərtləri haqqında” qanununa əsasən, ixrac olunan əmtəələrin dəyərinin 25 faizinin xəzinəyə verilməsi nəzərdə tutulurdu.

Parlamentin təsdiq etdiyi “Dövlət gəlir vergisinə cəlb olunmayan yaşayış minimumu gəlirlərinin artırılmasına dair” 1919-cu il 23 iyun tarixli qanun Azərbaycan Xalq Cümhuriyyətində vergi işinin daim təkmilləşdirilməsini göstərirdi. Bu qanuna görə, dövlət vergisinə cəlb olunmayan yaşayış minimumunun həddi, inflyasiya və digər hallar nəzərə alınaraq, 1000 manatdan 5000 manata qədər artırılmışdı.

Digər bir qanun layihəsində isə illik gəliri 60 min manatdan çox olanlardan tutulan gəlir vergisini 25 faiz artırmaq nəzərdə tutulurdu. Maliyyə Nazirliyinin 1920-ci il aprelin 5-də parlamentə göndərdiyi məktubda 1920-ci il üçün yaşayış minimumun artırılması və gəlir vergisi dərəcələrinin dəyişdirilməsi haqqında qanun layihəsinin təsdiq edilməsi xahiş olunurdu. Bu qanun layihəsi ilə əlaqədar izahatda deyilirdi ki, həyatın ümumi bahalaşması 1920-ci ildə vergi tutulmayan yaşayış minimumunu bir daha artırmaq, gəlir vergisi tutulmayan əvvəlki imkanları dəyişmək zəruridir. Deməli, hökumət qiymət və gəlirlərin artması ilə həyat səviyyəsinin tənzimlənməsi sahəsində bütün ənənəvi qaydalardan istifadə edirdi.

Əhalidən tutulan gəlir vergisini sosial ədalət prinsipləri əsasında tənzimləməyə xüsusi diqqət yetirilirdi. Çevik vergi siyasəti bir tərəfdən əhalinin müəyyən təbəqəsinin güzəranına dəyən mənfi təsiri kifayət qədər minimuma endirməyə, digər tərəfdən respublika xəzinəsini möhkəmləndirməyə yönəlmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin vergi siyasətində parlamentin 1919-cu il 2 oktyabr tarixli qanunu da mühüm rol oynadı. Qanun hərbi verginin ləğv edilməsini nəzərdə tuturdu. Belə ki, 1915-ci il aprelin 19-dan Azərbaycanda hərbi mükəlləfiyyətdən azad olunanlara vergi tətbiq edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman əhalinin öz dini etiqadlarına kifayət qədər əməl etməsi ucun şərait yaratmağı, həmçinin bu verginin kəmiyyətinin onsuz da az olduğunu və dövlət gəlirində xüsusi rol oynamadığını nəzərə alaraq onu tamamilə ləğv etmək qərarına gəlmişdi. Haqqında söhbət gedən qanun hökumətin demokratik maliyyə siyasətini səciyyələndirmək baxımından əhəmiyyətlidir. Azərbaycan Xalq Cümhuriyyəti vergi quruculuğunu, vergi qanunvericiliyini təmin etməklə bərabər, onların düzgün və tam şəkildə həyata keçirilməsini də daim diqqətdə saxlayırdı.

Cümhuriyyət yarandığı dövrlərdən başlayaraq, mütərəqqi gəlir vergisinə üstünlük verirdi. Bu, Baş nazir Fətəli Xan Xoyskinin təqdim etdiyi və parlamentin 1918-ci il 26 dekabr tarixli iclasında baxılan hökumət proqramında əksini tapmışdı. Parlamentin iclaslarında dəfələrlə müzakirə olunan vergi məsələsində əsas diqqət vergi dərəcələrinə yönəldilmişdi. İclasların stenoqrafik hesabatlarının araşdırılmasından məlum olur ki, burada vergi dərəcələrinin həm yüksək, həm də aşağı olması hallarında baş verə biləcək hadisələrin dəfələrlə elmi təhlili verilmiş, vergi dərəcələri ilə qiymətlər (inflyasiya), həyat səviyyəsi, təbəqələşmə, sosial problemlər arasında qarşılıqlı əlaqələrin olduğu göstərilmişdi.

F.X.Xoyskinin Baş nazir olduğu müddətdə maliyyə siyasətinin əsasında vergi dərəcələrinin azaldılması və mütərəqqi gəlir vergisinə üstünlük verilməsi dayanırdısa, N.B.Yusifbəylinin Baş nazir olduğu dövrdə (1919-cu il dekabrın 22-dən) isə müstəqim vergilərin artırılması, qeyri-müstəqim vergilərin (neft, şərab və tütünü çıxmaqla) azaldılması nəzərdə tutulurdu.

Dövlət büdcəsini artırmaq, 1920-ci il üçün daha etibarlı və tutumlu büdcə formalaşdırmaq məqsədilə parlament neft məhsullarına tətbiq olunan aksizlərin dəyişdirilməsi haqqında qanun layihəsinə baxaraq təsdiqlədi. Nəticədə büdcəyə əlavə 130 milyon manat daxil olunması təmin edildi.

Azərbaycan Xalq Cümhuriyyətində vergi işinin təşkili təkcə ölkənin maliyyə imkanlarının artırılmasına xidmət etmirdi, eyni zamanda, onun mühüm bir missiyası əmək və kapital arasında keçmişdən miras qalan gərgin münasibətləri qaydaya salmaqdan ibarət idi. Bütün bunlar isə sosial-iqtisadi qanunvericiliyin yaradılmasını və həyata keçirilməsini tələb edirdi. Belə bir qanunvericilik məhz Cümhuriyyət dövründə yaradıldı, müstəqil dövlətin mühüm iqtisadi atributlarını formalaşdırıldı. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentınin qəbul etdiyi 230 qanunun 82-si sırf iqtisadi və maliyyə məsələlərinə aid idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.