REGİONLAR
Onların ata-ana nəvazişinə ehtiyacları var... VİDEO
Gəncə, 16 yanvar, AZƏRTAC
Heç bir xoşbəxt ailəni körpəsiz, uşaqsız təsəvvür etmək mümkün deyil. Hər valideyn üçün uşaq sonsuz xəyalların, böyük arzuların ümid tumurcuğu, ailənin isə sevinc qaynağıdır. Hansı mənzil daha gözəldir, işıqlıdır sualına bəlkə də çoxları fikirləşmədən “içərisindən ən çox körpə gülüşü, uşaq səsi eşidilən ev” deyə cavab verər. Eləcə də hər bir uşaq üçün onun öz evi, doğma ata və anası əzizdir. Ona görə heç bir körpəni valideynsiz xoşbəxt görmək mümkün deyil. Lakin acınacaqlı haldır ki, bu gün cəmiyyətimizdə övlad dünyaya gətirib onlara valideyn nəvazişi, ana məhəbbəti, ailə sevgisi vermək əvəzinə körpələrindən müxtəlif bəhanələrlə imtina edən “analar” da var. Bəzən də anaları bu yola məcbur edən “atalar” var. Əslində, valideynlik hissini itirmək qədər heç bir hiss dəhşətli və qorxulu deyil. Təəssüflər olsun ki, bu cür “ata-ana”ların sayəsində neçə-neçə körpə, uşaq, gənc hər gün atılmışlıq duyğusunun ağırlığı ilə yaşayır.
Nə yaxşı ki, dövlətin həmin uşaqlara sahib çıxdığı, onları himayə etdiyi uşaq evləri var. Bu cür müəssisələrdə valideynləri tərəfindən yalnız atılmış və imtina olunmuş uşaqlar deyil, eləcə də hər iki valideynini, yaxud onlardan birini itirən körpələr yaşayır. Ana nəvazişindən məhrum olmuş körpələrə sahib çıxmaq istəyən insanlar da yox deyil. Təkcə ötən il Gəncə şəhəri Körpələr evindən 4 oğlan uşağı bioloji valideyninə verilib, 2 uşaq isə övladlığa götürülüb.
Körpələr evinin baş həkimi Lətifə Kərimovanın sözlərinə görə, əsasən 3 yaşa qədər uşaqların dövlət tərəfindən himayə olunduğu müəssisənin hazırda 20 balaca sakini var. Həmin uşaqlardan 9-u aşağı yaş qrupunda, 11-i isə 1 yaş yarımından yuxarı qrupdadır. Körpələrdən 5 uşağın hər iki valideyni haqqında heç bir məlumat yoxdur. Digər uşaqlar isə valideynləri tərəfindən imtina olunmuşlardır. Həmçinin Körpələr evində 4 uşaq fiziki və əqli qüsurlu olduğu üçün valideynləri onlardan imtina edib. Bu körpələrin istər sağlamlığı, istərsə də qidalanması ilə müəssisənin 38 əməkdaşı məşğul olur.
Valideynləri, doğmaları tərəfindən həmin uşaqlara göstərilən ögeyliyə, laqeydliyə, biganəliyə baxmayaraq, bu gün dövlətimiz onlara sahib çıxıb, müəssisələrdə onlar üçün ən münasib şərait yaradılıb. İndi onların sağlamlığı, təlim-tərbiyəsi, təhsili Azərbaycan dövlətinin himayəsindədir. Təmirli, səliqə-sahmanlı evlərdə yaşayan bu uşaqların ilk baxışdan heç nəyə ehtiyacı yoxdur. Yalnız ata-ana nəvazişindən başqa...
Rauf Hacıyev
AZƏRTAC-ın müxbiri