İQTİSADİYYAT
Onlayn kassaların tətbiqi sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulmasına xidmət edəcək
Bakı, 14 fevral, AZƏRTAC
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil onlayn kassa aparatlarının quraşdırılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin rəqəmsal vergi inzibatçılığı departamentinin onlayn kassa aparatlarının monitorinqi şöbəsinin rəhbəri Zaman Məmmədov deyib.
Onun sözlərinə görə, dəyişikliyə əsasən, pərakəndə ticarət və ictimai iaşə obyektlərində, yanacaqdoldurma məntəqələrində hesablaşmalar yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə həyata keçiriləcək və pul hesablaşmaları barədə məlumatlar internet üzərindən Vergilər Nazirliyinin bazasına ötürüləcək: “Vergilər Nazirliyi elektron xidmətlərin, informasiya texnologiyalarının tətbiqi və rəqəmsal inzibatçılığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Müasir texnologiyalar vergi sistemində qurulan işin daha keyfiyyətli müstəvidə aparılmasına, o cümlədən sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulmasına xidmət edir. Rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsinin daha bir mühüm istiqaməti yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlıdır. Nazirliyin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulur. Əməliyyat sisteminə malik olan bu müasir avadanlıq hesablaşmalar haqqında məlumatı Vergilər Nazirliyinə real vaxt rejimində çatdırmaq imkanına malikdir”.
Onlayn kassanın üstünlüklərindən danışan nazirlik rəsmisi yeni nəsil nəzarət-kassa aparatlarının vergitutma sahəsində şəffaf sistemin qurulmasına, kassa əməliyyatlarının uçotunun düzgün aparılmasına, bununla bağlı məlumatların asan əldə olunmasına və bu sahədə nəzarətin təkmilləşdirilməsi məqsədinə xidmət etdiyini söyləyib: “Həmçinin onlayn kassaların tətbiqi ilə məlumatların Vergilər Nazirliyinin informasiya bazasında avtomatlaşdırılmış rejimdə ötürülməsi təmin ediləcək ki, bu da vergiödəyicilərinin yoxlanılmasına sərf olunan vaxt və inzibati xərclərin azaldılmasına gətirəcək. Kassa əməliyyatları haqqında məlumatlar real vaxt rejimində ötürüldüyündən, bu, vergi yoxlamalarının da sayının əsaslı dərəcədə azaldılmasına səbəb olacaq. Məlumatların toplanmasında və ötürülməsində elektron sistem insan faktorunu əvəz edərək əməliyyatların sürətli, şəffaf və sistemləşdirilmiş olmasına yol açacaq. Ən nəhayət isə yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin tam təkmilləşdirilməsinə və bunun sayəsində dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artmasına imkan yaradacaq”.