CƏMİYYƏT
Onlayn konfrans: Nura qərq olan ömür
Bakı, 27 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı səhiyyə idarəsi ilə birgə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilən “Nura qərq olan ömür” adlı onlayn konfrans keçirib.
Bu barədə AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatından məlumat verilib. Bildirilib ki, onlayn konfransda Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov, baş məsləhətçi Hüseyn Budaqov, Gəncə şəhər Göz xəstəxanasının baş həkimi Azər Məmmədov, Tibb Kollecinin direktoru Mehman Rzayev, göz həkimi Ruhiyyə Məmmədova akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan söz açaraq, görkəmli alimin Azərbaycan səhiyyəsinə, tibb elminə, oftalmologiya sahəsinə verdiyi töhfələrdən danışıblar.
Çıxışlarda Zərifə xanımın apardığı elmi tədqiqatların əhəmiyyəti, onun sosial- ictimai fəallığı, pedaqoji fəaliyyəti vurğulanıb. Qeyd olunub ki, novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Zərifə Əliyevanın “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Konfransda akademik Zərifə Əliyevanın Azərbaycan elminə, səhiyyəsinə verdiyi töhfələrin hələ çox insanları nura qərq edəcəyi vurğulanıb.