CƏMİYYƏT
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə
Bakı, 1 iyun, AZƏRTAC
Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.
MEDİA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqədə Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim olunur.
Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.
Qeyd edək ki, müsabiqə barədə daha ətraflı məlumatı Medianın İnkişafı Agentliyinin rəsmi internet saytından əldə etmək olar.