İQTİSADİYYAT
Onlayn seminarda enerji keçidində mütərəqqi texnologiyaların rolu müzakirə olunacaq
Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 23-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji keçidi: Mütərəqqi texnologiyaların enerji sektorunun transformasiyasında rolu” mövzusunda onlayn seminar keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurumun mətbuat katibi Cahid Mikayılovun moderatorluğu ilə vebinarda Adolfo İbanez Universitetinin dosenti Şəhriyar Nəsirov tərəfindən qlobal enerji bazarında innovativ və qabaqcıl bərpa olunan enerji texnologiyalarının rolu, texnoloji irəliləyişlər, ekoloji cəhətdən daha təmiz enerjiyə keçidin sürətləndirilməsi imkanları və digər məsələlər barədə ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılacaq.
Qeyd edək ki, Şəhriyar Nəsirov İspaniyanın Basque Country Universitetində iqtisadiyyat və siyasət üzrə doktorluq dərəcəsi alıb və hazırda Çilidəki Adolfo İbanez Universitetinin Mühəndislik və elm fakültəsinin bərpa olunan enerji üzrə magistr proqramının dosenti və təsisçi-akademik direktorudur.
Onlayn seminarda iştirak etmək istəyənlər dekabrın 23-də saat 20:00-da Energetika Nazirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsilə seminara qatıla bilərlər.