REGİONLAR
Onlayn tədbir: Vətən sərhəddən başlayır
Cəlilabad, 13 avqust, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədilə “Vətən sərhəddən başlayır!” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Rayon Təhsil Şöbəsinin metodisti Ərəstun Vəliyev, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, ümumtəhsil məktəblərinin hərbi rəhbərlər və fəal gənclər mövzu ilə bağlı çıxış ediblər. Çıxış edənlər Azərbaycanda həyata keçirilən ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışaraq qeyd ediblər ki, ümummilli lider Heydər Əliyevin bu sahədə başladığı işlər bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji əhval-ruhiyyəsi işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük inam yaradır.