CƏMİYYƏT
“Onlayn yay düşərgəsi” layihəsi gənclər tərəfindən böyük maraqla qarşılanır
Bakı, 25 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Onlayn yay düşərgəsi” layihəsi işini uğurla davam etdirir.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçirilən onlayn düşərgələrdə Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminarlar keçirilib, fikir mübadiləsi aparılıb. İyulun 25-də keçirilmiş seminarda Qhtxeber.az saytının baş redaktoru, təlimçi Sənan Nəcəfov iştirak edib.
Videokonfrans formatında keçən yay düşərgəsində çıxış edən YAP Gənclər Birliyi ofisinin rəhbəri Elmar Məmmədov iştirakçılara ilk dəfə onlayn formada keçirilən yay məktəbinin əsas məqsədinin gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi, müxtəlif proqramların öyrənilməsini təmin etmək olduğunu diqqətə çatdırıb. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin tərkib hissəsi olan bu layihə gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin artmasında da olduqca mühüm rol oynayır. O qeyd edib ki, yay düşərgəsi gənc fəallar üçün həm təcrübə, həm də bilik mənbəyidir.
Sonra təlimçi Sənən Nəcəfov “Gənclərin fərdi inkişaf modelləri” mövzusunda gənclərin inkişafı, motivasiyası, karyera planlamaları və dünyagörüşlərinin artırılması kimi vacib mövzulara toxunaraq seminar iştirakçıları ilə təcrübələrini bölüşüb. Vaxtın idarə olunması və yaddaş texnikası mövzusuna toxunan təlimçi vaxtın necə idarə olunmasından və necə dəyərləndirilməsindən bəhs edib. O, eyni zamanda, gənclərin kütlə qarşısında çıxışı, bədən dili və sifət quruluşu ilə xarakterin müəyyənləşdirilməsi (fizionomika), NLP haqqında bilgi, fərdi inkişaf, işə düzəlmə və intervüyə hazırlıq və digər mövzular haqqında gənclərə praktiki məlumatlar verib.
Seminarda 200-ə yaxın gənc iştirak edib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək.