ELM VƏ TƏHSİL
Ontologiyanın vasitəsilə kibertəhlükəsizliyin təmin olunması üçün intellektual proqram sistemi işlənilir
Bakı, 28 oktyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda beynəlxalq konfransın plenar iclasında “Ontologiyanın vasitəsilə kibertəhlükəsizliyin təmin olunması üçün intellektual proqram sisteminin işlənilməsi” adlı məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Ş.Mahmudova bildirib ki, müasir dövrdə terrorizm və cinayətkarlara qarşı mübarizə kəskin surətdə artıb. Bütün dünyanı bürümüş terror aktlarının dalğası aşkarlayıcı və önləyici təhlükəsizlik sistemlərinin və proqram təminatının təkmilləşdirilməsini zəruri edib.
Məruzəçinin sözlərinə görə, kibertəhlükəsizlik bir sıra texnologiyaları, prosesləri, kompüter avadanlığı, məlumatları, proqramları, xidmətləri, şəbəkələri istəmədən və ya icazəsiz girişdən, dəyişikliklərdən və məhv edilmədən, o cümlədən planlaşdırılmamış hadisələrdən qorumaq metodlarını əhatə edir. Kibertəhlükəsizlik kiberməkanda məlumatların məxfiliyi, bütövlüyü və mövcudluğunun, eyni zamanda həqiqiliyinin, müşahidə oluna biləcəyinin və etibarlılığının təmin edilməsi deməkdir. Standarta görə, kibertəhlükəsizliyə informasiya təhlükəsizliyi, tətbiqetmə təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi və internet təhlükəsizliyi etibar edilir.
Ş.Mahmudova sonda mövzu ilə əlaqədar sualları cavablandırıb.