CƏMİYYƏT


Onun arabası var…

Kolleksiyaçı Rauf Əsgərov minlərlə avtomobil modelləri toplayıb

Bakı, 1 fevral, AZƏRTAC

“Açığı, son illərədək kolleksiya həvəskarı olduğumu heç kəsə açıb-ağartmır, bir az da utanırdım. Əslində isə avtomobil kolleksiyasından öncə digər əşyalar da toplamışam”,- deyə kolleksiyaçı Rauf Əsgərov söhbət açır.

O, Cəlilabad rayonunda Muğan kənd orta məktəbini bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti mühəndisliyi fakültəsinin məzunudur. On ildir ki, “Paşamolls” şirkətində texniki şöbədə işləyir.

Rauf Əsgərov AZƏRTAC-a bildirib ki, avtomobil kolleksiyası yaratmağa təxminən 7 il əvvəl başlayıb. İlk dəfə “Pobeda”, sonra QAZ-21 markalı maşını kolleksiyasına daxil edib. Onun ardınca 1.43, 1.24, 1.18 formatında kiçildilmiş saysız-hesabsız avtomobillər... Hazırda onun kolleksiyasında təkcə 1.43 formatında 1000-dən çox avtomobil var.

Ötən əsrin 50-60-cı illərində istehsal edilmiş “Chevrolet”, “Ford”, “Linсoln” və digər avtomobil markaları da Raufun kolleksiyasına daxildir. 1.24 formatında 50-yə yaxın retro model avtomobillər də kolleksiyada maraq doğurur. Lakin bununla yanaşı kolleksiya həvəskarının topladığı avtomobil nümunələri arasında 1.18 formatında “Mercedes S-210”, BMW, M-3 markalı müasir modellər də zövq oxşayır.

“Avtomobil modellərını toplamağa hədsiz marağım var. Hər gün onlara tamaşa etmək mənə çox böyük zövq verir. Hər gün işdən sonra evə gedib onları izləyəndə elə bil ki, bütün yorğunluğumu unuduram. Şəxsi kolleksiyamda olan avtomobillərin sayını 5-6 minə çatdırmağa çalışıram”,- deyə Rauf bildirib.

Maraqlıdır ki, o, təkcə avtomobil modellərini toplamaqla kifayətlənmir. Rauf Əsgərovun kolleksiyasında ötən əsirlərə aid əşyalar, xüsusilə sovet dövründən qalma paltaryuyan maşınlar, tikiş maşınları, latun qablar, qapaqaçan, tibbi şpris, tərəzi, külqabı, dama, şahmat, müxtəlif cür dominolar və s. də var.

Təəssüf ki, mənzildə yer qıtlığı olduğundan Rauf onların çox böyük bir qismini qutu və yeşiklərdə saxlayır. Onun 5 yaşlı oğlu Umud da atası kimi kolleksiya həvəskarıdır. Hər gün atası ilə birgə o da illərdən bəri toplanılan avtomobillərə baxır, onların tarixi, istehsal dövrü və üstünlükləri ilə maraqlanır...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.