REGİONLAR
Onun əvəzinə çəkdiyi rəsmlər danışır VİDEO
Siyəzən, 19 yanvar, Elxan Yusifli, AZƏRTAC
Siyəzənli yeniyetmə Ayşən Novruzova istedadı ilə həmyaşıdlarından fərqlənir.
AZƏRTAC xəbər verir ki, çəkdiyi rəsmlərlə hər kəsin marağına səbəb olan 14 yaşlı Ayşən anadangəlmə nitq qüsurludur. O, eşitmək və danışmaqdan məhrum olsa da, düşüncələrini əsərlərdə canlandırır.
İstedadlı yeniyetmənin çəkdiyi rəsm əsəri hətta Misir Ərəb Respublikasında təşkil olunan müsabiqəyə də göndərilib. A.Novruzovanın rəsmləri ölkəmizdə keçirilən bir sıra müsabiqələrdə də ilk yerləri qazanıb.
O, hazırda Uşaq İncəsənət Məktəbində rəsm çəkməyin sirlərini öyrənir. Əsərlərini sulu boya ilə işləyir.
Ayşənin anası Aytən Novruzova bildirib ki, əvvəllər həmyaşıdları ona fərqli münasibət göstərirdilər: “Bu, məni narahat edirdi. Həmişə arzulayırdım ki, onun qeyri-adi bacarığı olsun... Artıq rayonda hamı onu tanıyır. Ayşənin həmyaşıdları da indi onunla münasibət qurmağa, birlikdə vaxt keçirməyə can atırlar”.
A.Novruzovanın çəkdiyi rəsmlər arasında karikaturalar xüsusi yer tutur. Bu əsərlərdə narkotik maddələrin və alkoqolun insan həyatına mənfi təsiri əks olunur.
Ayşənin bacarıqları yalnız rəsm çəkməklə bitmir. Onun toxuculuğa aid qeyri-adi əl işləri də var. Bu istedadlı qızın əl işləri ötən il Bakı şəhərində təşkil olunan satış-yarmarkada qısa müddətdə satılıb.
Valideynləri təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirmək arzusunda olan Ayşəni tanınmış rəssam kimi görmək istəyirlər.