CƏMİYYƏT
Onurğa kanalından törəmə xaric ediləndən sonra xəstənin sağ ətrafı işləməyə başlayıb
Bakı, 9 iyul, AZƏRTAC
Onurğa kanalında rast gəlinən törəmələr, adətən, xoşxassəli olur. Həmin patologiya böyüyəndən sonra onurğa beynini sıxır, ətraflarda gücsüzlük, keyimə və yerimənin çətinləşməsi ilə müşahidə edilir. Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən 53 yaşlı qadında da həmin patologiya son bir ildə sağ ətraflarda gücsüzlük yaratmış və sürətlə artaraq yerimənin pozulmasına, sağ yuxarı ətrafa şiddətli ağrının yayılmasına səbəb olmuşdu.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, çəkilmiş maqnit-rezonans tomoqrafiyası nəticəsində birinci və ikinci boyun fəqərəsi səviyyəsində onurğa kanalının böyük hissəsini doldurub onurğa beynini ciddi sıxan törəmə aşkar edilib. Neyrocərrah Azər Əkbərov tərəfindən törəmə mikroskopik yolla çıxarılıb.
Əməliyyatdan dərhal sonra sağ yuxarı ətrafa yayılan ağrı keçib və onun gücü xeyli dərəcədə artıb. Əməliyyatdan əvvəl sağ əli ilə qaşıq tuta bilməyən xəstə prosedurdan bir gün sonra səhər yeməyində qaşıqla yemək yeyib.