MƏDƏNİYYƏT
Opera və Balet Teatrından bir gündə iki balet...
Bakı, 23 yanvar, AZƏRTAC
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Romeo və Cülyetta” birpərdəli baleti təqdim olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, quruluşçu baletmeysteri ukraynalı xoreoqraf Georgi Kovtun olan səhnə əsərinin xronometrajı 35 dəqiqədir. Baletdə Romeo obrazını Murad Kərimov, Cülyetta obrazını isə Liana Praga canlandıracaq.
Balet Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə ediləcək. Bundan başqa, həmin gün “Şəhrizad” xronometrajı 35 dəqiqə olan birpərdəli baleti nümayiş olunacaq.
Quruluşçu baletmeysteri Tamilla Şirəliyeva olan səhnə əsərində Nigar İbrahimova, Samir Səmədov, Faiq Qubadov və Fərid İbrahimov çıxış edəcək.