MƏDƏNİYYƏT


Opera və Balet Teatrının Yeni il üçün repertuar planı hazırdır

Bakı, 3 yanvar, AZƏRTAC

Yola saldığımız 2018-ci il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı üçün də məhsuldar olub.

Sənət ocağının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva AZƏRTAC-a bildirib ki, il ərzində sənət ocağında üç yeni tamaşanın premyerası keçirilib.

“Əvvəlcə Qara Qarayev və Fərəc Qarayevin “Qoyya” baletinin tamaşası təqdim edilib. Fevral ayında premyerası keçirilən “Qoyya” baleti dahi bəstəkarımız Qara Qarayevin 100 illiyi münasibətilə səhnələşdirilib. Sonra Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun “Cavad xan” baleti hazırlanıb. May ayında premyerasını keçirdiyimiz “Cavad xan” baleti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar səhnəyə qoyulub. Dekabrın 22-də Cakomo Puççininin “Manon Lesko” operasının premyerası keçirilib. Bu opera isə dahi italyan bəstəkarı Cakomo Puççininin 200 illik yubileyi şərəfinə səhnəyə qoyulmuşdu”, - deyə Ş.Ağamirzəyeva söyləyib.

Onun sözlərinə görə, il ərzində Opera və Balet Teatrının solistləri bir sıra ölkələrdə çox uğurlu çıxışlar ediblər: “Xalq artistləri Samir Cəfərovun, Fidan Hacıyevanın, Azər Zeynalovun, Əməkdar artistlər Afaq Abbasovanın, Gülüstan Əliyevanın, Fərid Əliyevin, Fəridə Məmmədovanın, Əliəhməd İbrahimovun, dirijorlar Əyyub Quliyevin, Yalçın Adıgözəlovun, müxtəlif ölkələrdəki uğurlu konsertlərini qeyd etmək olar. Gənc solistlərdən vokalçı Yəhya Mustafayev Avropa ölkələrində konsertlərdə çıxış edib. Bu yaxınlarda balet solistimiz Anar Mikayılov yeni tamaşada baş rolu ifa etmək üçün Avropaya dəvət olunub. Eyni zamanda, Opera və Balet Teatrının səhnəsində də bir sıra ölkələrdən – Rusiyanın Akademik Böyük Teatrı, Mixaylovski Teatrı və başqa teatrlardan, eləcə də Belarus, Ukrayna, Türkiyə, Gürcüstan və İtaliyadan gəlmiş sənət ulduzları yaddaqalan proqramla çıxış ediblər. İtaliyanın Azərbaycandakı səfirliyi ilə çox maraqlı bir mədəni əməkdaşlıq proqramı həyata keçirilib. İtaliyadan dəvət olunmuş vokalçılar və dirijorların teatrın tamaşalarında iştirakı da yaddaqalan olub. Eyni zamanda, İtaliyadan dəvət olunmuş balet qrupu xüsusi konsertlə teatrda çıxış edib”.

Ş.Ağamirzəyeva əlavə edib ki, qarşıdan gələn 2019-cu ildə də teatrın planları artıq məlumdur: “Yeni il üçün teatrımızın repertuar planı hazırdır. Onlardan Frans Şubertin “Dahi hekayəçi” baletini, Andersonun nağıllarını göstərmək olar. Daha sonra Qelsyat Şayqulovanın “Kleopatra” baleti yenə də səhnəyə qoyulacaq. Sergey Prokofyevin “Monastırda nişanlama” operası bu il yenə də tamaşaya qoyulacaq. Bu yaxınlarda teatrın Serbiya Opera Teatrı ilə çox gözəl əlaqələri yaranıb. Mart ayında ilk serbiyalı nümayəndə vokalçı teatrımızın tamaşasında çıxış edəcək. Sonra aprel ayında serbiyalı dirijor “Toska” operasının tamaşasını idarə etmək üçün dəvət olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.