SİYASƏT


Operativ Qərargahın Respublika müşavirəsində pandemiya ilə bağlı vəziyyət müzakirə olunub

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı, 68 rayon və şəhərin icra hakimiyyəti başçıları, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak ediblər.

Baş nazir Əli Əsədov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu müharibəni qələbə ilə başa vuraraq işğal altında olan torpaqları azad edib. Müharibənin gedişində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfərbər olunmuşdu. İndi pandemiya ilə mübarizə yenidən prioritet məsələ olaraq gündəlikdədir və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik.

Müşavirədə son bir neçə həftə ərzində ölkə ərazisində pandemiyanın vəziyyəti, yoluxmanın dinamikası, səhiyyə sahəsində görülən işlər, karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunub. Yoluxmanın xüsusilə yüksək olduğu rayon və şəhərlərdəki vəziyyət ayrıca müzakirə edilib.

Müşavirədə qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işləri genişləndirilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.