CƏMİYYƏT


“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri Prezident İlham Əliyevin reallaşdırdığı islahatların fəal dəstəkləndiyini göstərir

Bakı, 10 aprel, Həsrət Mahmudova, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə həyatının bütün sahələrində baş verən hadisələrə, yeniliklərə daim operativ reaksiya verir, hər bir məsələni diqqət mərkəzində saxlayır. Məhz dövlətimizin başçısının yüksək diqqəti və yorulmaz fəaliyyəti sayəsində bu gün Azərbaycanda etnik, dini və ictimai-siyasi zəmində möhkəm sabitlik hökm sürür. Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda iştirak edən respondentlərin böyük əksəriyyətinin İlham Əliyevi dəstəkləməsi dövlətimizin başçısının yürütdüyü siyasətin qəti və birmənalı şəkildə dəstəkləndiyini bir daha göstərdi.

Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov AZƏRTAC-a müsahibəsində deyib.

Rəy sorğusunun nəticələrinin əslində gözlənilən olduğunu vurğulayan M.Seyidov bildirib: “Çünki ölkəmizdə haqq ilə nahaqqı seçə bilən, doğrunun yanında olan çoxlu sayda intellektual, savadlı, sağlam təfəkkürlü gənclər mövcuddur. Sevindirici haldır ki, ölkə vətəndaşları, xüsusən gənclər baş verən prosesləri düzgün qiymətləndirməyi bacarırlar. Bu, həm də çəkilən zəhmətin bəhrəsinə obyektiv qiymətin verilməsi kimi də dəyərləndirilməlidir. Dövlətimizin başçısı nəinki son bir ildə, ümumiyyətlə bütün prezidentlik fəaliyyəti dövründə verdiyi vədləri ən yüksək səviyyədə yerinə yetirib. Xüsusilə son bir il ərzində atılan addımlar, qəbul edilən qərarlar və imzalanan sərəncamlar bunun əyani sübutudur. Qürurverici haldır ki, Azərbaycan vətəndaşları, o cümlədən gənclərimiz buna bir daha yüksək qiymət veriblər. Digər ölkələrə nəzər yetirdikdə Azərbaycanın ölkəmizdə hökm sürən mövcud ictimai-siyasi sabitliyə görə açıq-aşkar fərqləndiyini görürük. Ölkəmizin hazırkı vəziyyətinə obyektiv qiymət vermək üçün təkcə bizə yaxın və uzaq olan ölkələrdəki ictimai-siyasi duruma nəzər salmaq kifayətdir. Eyni zamanda, iqtisadi tərəqqinin əsasında dayanan fundamental meyarlardan biri də düzgün aparılan islahatlardır ki, bu gün biz bu islahatların uğurlu nəticələrini görürük”.

Mirhəsən Seyidov qeyd edib ki, Azərbaycanın güclü, iqtisadi və siyasi cəhətdən müstəqil, daim inkişaf edən demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən, eləcə də qlobal və regional inteqrasiya proseslərində fəal çıxış edən dövlətə çevrilməsi məhz bu uğurlu islahatların nəticəsidir. Bu baxımdan iqtisadiyyatımızın şaxələndirilməsini və dövlət siyasətinin prioritet istiqamətlərini əks etdirən Dövlət proqramları müstəsna rol oynayır. Biz bölgələrimizin inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması üçün atılan addımların müsbət nəticələrini gündəlik həyatımızda görürük.

“Bir il əvvəl xalqın dəstəyi və seçimi ilə Prezident İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün isə biz xalqın Prezidentə inamının, etimadının sarsılmazlığının bir daha şahidi olduq. “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusu bunu bir daha nümayiş etdirdi”, - deyə M.Seyidov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.