SİYASƏT


Oqtay Əsədov: Azərbaycan-Litva əlaqələri yeni mərhələyə qədəm qoyur

Bakı, 7 noyabr AZƏRTAC

Noyabrın 7-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikası Seyminin Sədri Viktoras Prantskietisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Sədr Azərbaycanla Litvanın dost və tərəfdaş ölkələr olduğunu bildirdi. Qeyd etdi ki, münasibətlərimiz qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. Gələn il diplomatik əlaqələrimizin 25 ili tamam olacaq. Bu gün əldə edilən uğurlar sayəsində Azərbaycan-Litva münasibətləri yeni mərhələyə qədəm qoyur. Əməkdaşlığımızın bu səviyyəyə çatmasında hər iki ölkə prezidentlərinin rolu böyükdür.

Bildirildi ki, yüksək səviyyəli görüşlər artıq bir ənənə halı alıb. Bu günədək iki ölkə arasında 39 sənəd imzalanıb, 10-u üzərində iş davam etdirilir. Siyasi münasibətlərimiz iqtisadi sahəyə də öz müsbət təsirini göstərir. Bu sahədə əlaqələrimizin gücləndirilməsində biznes forumların keçirilməsi müsbət rol oynaya bilər. Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti də böyük önəm kəsb edir.

Vurğulandı ki, Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkələrdən birinə çevrilib. Ölkəmizin reallaşdırdığı qlobal neft və qaz layihələri Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan mühüm nəqliyyat qovşaqlarının keçdiyi bir coğrafi məkan kimi də cəlbedicidir. Litva ilə mədəni, humanitar sahələrdə əməkdaşlığımız da təqdirəlayiqdir.

Spiker qeyd etdi ki, xalqlarımızın bir-birinə yaxınlaşmasında parlamentlərin rolu danılmazdır. Hər iki parlamentdə dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri və görüşləri intensiv xarakter almalıdır. Nümayəndə heyətlərimiz müxtəlif beynəlxalq qurumlarda tez-tez təmasda olur, onları düşündürən məsələlər ətrafında müzakirələr aparırlar.

Viktoras Prantskietis təmsil etdiyi ölkənin Cənubi Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini, həyatın ən müxtəlif sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğuladı. Bildirildi ki, parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişlənməsi, deputatların qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında müzakirələr aparıldı.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavini Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Kamran Nəbizadə, hər iki ölkənin səfirləri Tamerlan Qarayev, Egidiyus Navikas və digər rəsmi şəxslər iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.