SİYASƏT


“Ordu gəncləri böyük qüvvədir” kitabının təqdimatı olub

Bakı, 11 mart, AZƏRTAC 

Novruz bayramı ərəfəsində Gəncə qarnizonundakı hərbi hissələrdən birində “Ordu gəncləri böyük qüvvədir” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Gəncləri Gününə həsr edilən respublika toplantısının və Azərbaycan Ordusu gənclərinin ümumrespublika toplantısının materialları əsasında hazırlanan nəşrin təqdimatında zabitlər və gənc əsgərlər iştirak ediblər.

Layihənin müəllifi, kitabın tərtibçi-redaktoru, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizin iqtisadi potensialı gündən-günə daha da artır, Ordumuzun maddi-texniki bazası möhkəmlənir, şəxsi heyətin döyüş ruhu, peşəkarlığı, vətənpərvərlik hissi yüksəlir, xalqımızın firavan həyat tərzi daha da yaxşılaşır, quruculuq işləri geniş vüsət alıb. Azərbaycanın hər bir vətəndaşı belə bir ölkədə yaşamaqdan və işləməkdən böyük qürur duyur. Respublikamızda gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Ardıcıl həyata keçirilən bu siyasət nəticəsində gənclərimiz daha parlaq gələcəyə doğru inamla irəliləyirlər.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının və digər fərman və qərarların verdiyi imkanlardan respublikanın bütün gəncləri kimi ordu gəncləri də bəhrələnir və Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edərək ölkə rəhbərliyinin etimadını doğruldurlar.

Müdafiə Nazirliyinin rəsmisi cari il fevralın 1-də Azərbaycan Gəncləri Günü münasibətilə Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri respublika toplantısını xatırladaraq vurğulayıb ki, bu toplantı tarixi hadisədir. Dövlətimizin başçısı həyatımızın bütün sahələrində qazanılmış uğurları təqdir etdi, gənclərimizin gələcək strateji fəaliyyət proqramına yeni təklif və tövsiyələrini verdi. Ali Baş Komandanın toplantının mötəbər tribunasından Azərbaycan Ordusu və onun qəhrəman döyüşçüləri barədə dediyi qürurverici fikirlər hər bir Vətən əsgərinin böyük qələbəyə, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağına inamını daha da artırdı. Prezidentimizin dediyi kimi, həqiqətən də Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Azərbaycan əsgəri, zabiti Vətən və torpaq uğrunda canından keçməyə hazırdır.

A.Qurbani deyib ki, respublika toplantısı keçirilən günün ertəsi ordu gəncləri nümayəndələrinin respublika paytaxtına toplaşaraq, Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovun və Müdafiə Nazirliyi rəhbərliyinin bilavasitə iştirakı ilə ümumrespublika toplantısını keçirməsi bütün ölkə gəncləri kimi Azərbaycan Ordusunda xidmət edən gənclərin də Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici kursu dəstəkləməsinin və bu siyasətin icrasında daim Ali Baş Komandanın yanında olmalarının təsdiqidir.

Diqqətə çatdırılıb ki, təqdim olunan kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan Ordusu və gənclər haqqında müdrik kəlamlara çevrilmiş fikirləri də əksini tapıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun “Azərbaycan Ordusu Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazırdır və qadirdir”, tarix elmləri doktoru, professor Həmzə Cəfərovun “Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin banisidir” sərlövhəli məqalələri oxucuların böyük marağına səbəb olacaq. İstər Bakı Konqres Mərkəzində, istərsə də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş toplantılarda iştirak etməyənlər bu kitab vasitəsilə həmin möhtəşəm tədbirləri izləmək imkanı qazanacaqlar.

Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun (1996-cı il) iştirakçısı olmuş polkovnik-leytenant Loğman Xanlarov Ulu Öndərlə görüşlərini yada salaraq deyib: “Həmin gün bəlkə də mənim həyatımın ən xoş günü idi. Ulu Öndərin çıxışını diqqətlə dinləyir və öz gələcək fəaliyyət yolumuzu müəyyənləşdirirdik. Unudulmaz, əbədiyaşar Ali Baş Komandanımızın həmin görüşdə gənclərə müraciətlə dediyi sözlərin bu gün təqdim edilən kitab üçün epiqraf seçilməsi heç də təsadüfü deyil. O vaxt Ulu Öndərimiz demişdi: “Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır... Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”. Prezident İlham Əliyev isə toplantıda qətiyyətlə dedi ki, bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar: Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Məhz bu gün təqdim edilən kitab ordu gənclərinin bu istiqamətdə tərbiyələndirilməsində, formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək ən yaxşı vasitədir.

Zabitlərdən Fəxrəddin Əhmədov, Taleh Xanməmmədov, gənc əsgərlərdən Elmin Musayev, Təbriz Həsənov, Ağca Məmmədov, Fəqan Səttarlı və başqaları çıxış edərək gənclərə göstərilən yüksək diqqət və qayğıya cavab olaraq üzərilərinə düşən hər bir vəzifənin öhdəsindən layiqincə gələcəklərinə söz veriblər.

Kitabın ilk nüsxələri hərbi hissənin kitabxanasına və xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya təqdim olunub. Onlar bu kitabları Novruz bayramı ərəfəsində ən gözəl hədiyyə kimi qiymətləndiriblər.

“Ordu gəncləri böyük qüvvədir” adlı kitabın təqdimatı ilə bağlı digər hərbi hissələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəboyu rayonların Gənclər mərkəzlərində də tədbirlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.