REGİONLAR


“Ordubad” komandasının üzvləri mükafatlandırılıb

Naxçıvan, 14 may, AZƏRTAC

Məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsi məqsədilə təşkil olunan “Şahin” hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyinin final mərhələsində üçüncüsü yerin qalibi olan “Ordubad” komandasının üzvləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, bu gün muxtar respublikada şagirdlərin təhsili ilə yanaşı, onların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması da daim diqqət mərkəzində saxlanılır. Ümumtəhsil məktəbləri inşa olunarkən şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəblərdə hərbi kabinələr də yaradılır. Ölkə başçısının sərəncamı ilə yaradılan Heydər Əliyev adına Hərbi Lisey də ölkəmizdə ixtisaslı hərbçi kadr hazırlığına öz töhfəsini verir. Burda oxumaq istəyənlərin sayında hər il artım müşahidə olunur. Elə 44 günlük Vətən müharibəsində də liseyin məzunları torpaqlarımızın azad olunmasında böyük şücaət göstərdilər.

Qeyd olunub ki, “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədrisi şagirdlərin milli mənlik və vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Elə bu məqsədlə də ümumtəhsil məktəblərində hərbi hazırlıq və idman dərslərinə mühüm əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə maraq da xeyli artıb. 2021-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə 156, Ali Hərbi Məktəblərə 124, Xüsusi təyinatlı məktəblərə isə 32 şagird qəbul olunub.

Təhsil naziri diqqətə çatdırıb ki, muxtar respublikanın şagirdləri hərbi vətənpərvərlik istiqamətində keçirilən yarışlarda da yüksək nəticə əldə edirlər. Ordubad rayonunun Sabirkənd tam orta məktəbinin komandası da “Şahin” hərbi-idman oyununda ölkə üçüncüsü olmaqla bunu bir daha təsdiq etdi. Nazir komandanın üzvlərinə, məktəbin kollektivinə və hərbi rəhbəri Aləm Hacıyevə təşəkkür edib, təhsildə uğurlar arzulayıb.

Məktəbin hərbi rəhbəri Aləm Hacıyev hərbi rəhbərlərin peşəkarlıq səviyyələrinin artırılması istiqamətində muxtar respublikada görülən işlərin nəticəsiz qalmadığını bildirib, göstərilən dövlət qayğısına görə minnətdarlıq edib.

Sonda komandanın üzvlərinə Təhsil Nazirliyinin təşəkkürnamələri təqdim olunub.

Qeyd edək ki, Bakı şəhərində - Hərbi Qənimətlər Parkının yanında ayrılmış xüsusi ərazidə keçirilən yarışda müxtəlif bölgələrdən 18 komanda qələbə uğrunda mübarizə aparıb. Yarışa muxtar respublika mərhələsinin qalibi kimi qatılan “Ordubad” komandası uğurlu nəticəyə müvəffəq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.